SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş ASAN könüllülərinə sertifikatlar təqdim olunmuşdur
Mayın 23-də SOCAR-ın Baş ofisində ASAN Könüllülük Məktəbinin “Master-2” layihəsi çərçivəsində şirkətin idarə və müəssisələrində təcrübə keçmiş 12 ASAN könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.Mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, şirkət nümayəndələri və ASAN könüllüləri iştirak etmişlər.
Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov gəncləri təbrik edərək bildirmişdir ki, SOCAR hər zaman gənclərə dəstək olmuş və uzun illərdir ki, gənclərlə bağlı layihə və proqramlar həyata keçirir. SOCAR-ın Daxili Təqaüd Proqramı, Xaricdə təhsil Proqramı, Ödənişli yay təcrübəsi proqramı, Yay məktəbi layihələri minlərlə gəncin inkişafına töhfə vermişdir. X.Məmmədov qeyd etmişdir ki, 2016-cı ildə SOCAR “ASAN xidmət”lə Əmərdaşlıq Sazişi imzalamaqla “ASAN school” könüllülük proqramı tərəfdaşları sırasına daxil olmuşdur. 2016-cı ildə təşkil olunan 1-ci layihədə müsabiqədən keçmiş 12 gənc könüllü 12 dekabr 2016-cı ildən 12 mart 2017-ci ilədək SOCAR-ın 6 struktur bölməsində (“Azneft” İB, H.Əliyev adına Neft Emalı Zavodu, İTRİ, İnsan Resursları Departamenti, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi, Ekologiya İdarəsi) təcrübəyə cəlb olunmuşlar. 2017-ci ildə də eyni adlı layihə üzrə “Master-2” proqramı çərçivəsində müsabiqə elan edilmiş və 24 nəfərinin mayın 1-dən SOCAR-ın 9 strukturunda təcrübə keçməsi məqsədəuyğun hesab edilmişdir. X.Məmmədov ASAN könüllülərini SOCAR-da təcrübələrini başa çatdırmaları münasibəti ilə təbrik etmiş, gələcək karyeralarında onlara uğurlar arzulamışdır.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə gəncləri təbrik edərək onların könüllülük fəaliyyətinə həvəs göstərmələrinin təqdirəlayiq olduğunu bildirmiş, gənclərin 3 ay ərzində SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışmalarını, şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak etmələrini və təcrübə toplamalarını müsbət qiymətləndirmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev qeyd etmişdir ki, fəaliyyətə başladığı gündən 11500 gənc ASAN könüllüsü olmuşdur. “ASAN school” könüllülük proqramı çərçivəsində isə indiyədək 30-dan çox dövlət və qeyri-dövlət təşkilatında 1500-dən çox könüllü təcrübə toplayaraq məzun olmuşdur. Bildirilmişdir ki, hazırda ASAN könüllülərinin Xoşbəxt Yusifzadənin adını daşıyan qrupu fəaliyyətə başlamışdır. Qrup üzvləri mütəmadi olaraq X.Yusifzadənin əmək fəaliyyəti və həyatı haqqında təqdimatlarla çıxış edəcəklər. Tədbirdə çıxış edən könüllülər onlara yaradılmış şəraitə görə SOCAR və ASAN xidmət rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Daha sonra könüllülərə sertifikatlar təqdim edilmişdir. Tədbirə ASAN könüllülərindən ibarət muğam triosunun çıxışı ilə yekun vurulmuşdur.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb