Mayın 23-də “Azərikimya” İstehsalat Birliyində (İB) İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananie ilə görüş keçirilib.
Qonağı səmimi salamlayan, İndoneziyanın Azərbaycan üçün siyasi tərəfdaş və dost ölkə olduğunu, iki olkə arasında uzunmüddətli səmərəli əməkdaşlığın, dini, elmi və mədəni əlaqələrin mövcudluğunu vurğulayan “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri, perspektiv layihələr, həmçinin son dövrlərdə Sumqayıt şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verib.
Səmimi qəbula görə minnətdarlığını bildirən fövqəladə və səlahiyyətli səfir Hüsnan Bəy Fananie Azərbaycanın son illərdə sürətlə inkişaf edən ölkələrdən biri olmaqla bərabər, öz adət-ənənələrini və özünəməxsusluğunu qoruyub saxladığını dilə gətirib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, elmi, mədəni, təhsil və digər humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Səfir İndoneziya Respublikasının Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd edib, bu əməkdaşlıqların Azərbaycan-İndoneziya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.
May ayının 12-dən 22-dək Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarından böyük məmnunluq hissi ilə danışan səfir Hüsnan Bəy Fananie vurğulayıb ki, yüksək səviyyədə keçirilmiş ilk Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu Oyunlar, eyni zamanda Azərbaycanın idman şöhrətini daha da artırıb, beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Bakı bu Oyunlara ev sahibliyi etməklə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf yolundadır, bu ölkə dostluq, əməkdaşlıq məkanıdır. Burada bütün xalqların, dinlərin nümayəndələri mehriban bir ailə kimi yaşayırlar. Azərbaycan İslam aləminin bir parçasıdır, İslam dünyası, ümumiyyətlə, bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu Oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirdi, həm müsəlman aləminə, həm dünyaya bir daha göstərdi ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox mühüm hadisə kimi hələ uzun müddət yaddaşlardan silinməyəcək.
Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və “SOCAR-Polymer” MMC haqqında da söhbət aparılan görüşdə parkın ərazisində müxtəlif sənaye və neft-kimya məhsulları istehsal edən müəssisələrin yaradılmasında sənaye cəhətdən dünyanın inkişaf etmiş ölkələrin sırasına daxil olan, ümumi milli gəlirin artım tempinə görə yalnız Çin və Hindistandan geri qalan İndoneziyanın şirkət və firmalarının, ayrı-ayrı iş adamlarının öz investiysiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılıb. “Azərikimya” İB-də yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu Öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilib, səfiri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb