25 may 2017 14:04
347

Neftin hasilatının həcmində dəyişiklik edilməməsi tövsiyə edilib

Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının mayın 25-də keçiriləcək 172-ci iclası ərəfəsində növbəti aylar üçün neft hasilatının həcmi ilə bağlı mühüm tövsiyə verilib. OPEC və qeyri-OPEC ölkələrinin birgə komitəsi bu gün keçirilən məsləhətləşmələrdən sonra neft hasilatının limitlənməsinə dair qərarı daha doqquz ay müddətinə - 2018-ci ilin mart ayının sonunadək uzatmağı tövsiyə edib. Komitə adından verilən açıqlamada hasilatın cari vəziyyətə uyğunlaşdırılmasına riayət olunmasından məmnunluq ifadə edilib.

Qeyd edək ki, bu ilin yanvar ayından etibarən 13 OPEC ölkəsi və 11 qeyri-OPEC ölkəsi neft hasilatının həcmini ümumilikdə 1,8 milyon barrel azaldıb. Hasilatın azaldılması dünya bazarlarında xam neftin qiymətinə müsbət təsirini göstərib.

Sabah isə Vyanada növbəti aylar üçün neft hasilatı üzrə strategiya müzakirə olunacaq. Agentliklərin verdiyi məlumatlarda hasilatının həcminin hazırkı vəziyyətdə saxlanması barədə qərar qəbul olunacağı ehtimal edilir.