25 may 2017 17:29
210

G7 növbəti görüşə hazırlaşır

Mayın 26-27-də Siciliyada, Etna dağının ətəyində “böyük yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü keçiriləcək. Dörd ölkənin rəhbərlərinin ilk dəfə iştirak edəcəyi bu sammit cümə günü yerli vaxtla saat 11:30-da başlanacaq. Tədbirin əvvəlində vulkan fonunda salamlama mərasimi və qrup halında fotoşəkil çəkilməsi nəzərdə tutulur. Sonra birgə nahar çərçivəsində ilk işçi iclas olacaq. Sammitdə cəmi altı iclas, o cümlədən geniş tərkibdə - bir neçə Afrika dövlətinin nümayəndələrinin və bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin də iştirakı ilə iki iclas keçiriləcək.

Budəfəki görüşün yekun rəsmi məlumatı həm G7-nin əvvəlki görüşlərində qəbul edilmiş kommünike ilə müqayisədə xeyli qısa olacaq, həm də yalnız Siciliyada, cümə günündən şənbə gününə keçən gecə qəti razılaşdırılacaq.

Berlində həmin sammitin yekun sənədinə böyük əhəmiyyət verilir. Axı bir var G7 liderlərinin qeyri-rəsmi şəraitdə fikir mübadiləsi etməsi və bəyanatlar verməsi, bir də var dünya siyasətinin bir sıra problemləri barədə kağız üzərində qeydə alınmış və razılaşdırılmış mövqe. Alman KİV-lərində AFR kansleri Angela Merkelin yüksək vəzifəli müşavirinin bu sözləri sitat gətirilir: “Məhz yekun rəsmi sənədində yazılacaq fikir bütün yeddi ölkənin vahid rəyi olacaq”.

“Böyük yeddilik” görüşlərinin yekun sənədləri üzərində iş, kompromislər axtarışı və ortaq məxrəcə gəlmək həmişə mürəkkəb məsələ olub. Bu dəfə isə Vaşinqtondan alınan ziddiyyətli siqnallar, iqlimin qorunması və azad ticarət kimi məsələlər barəsində ABŞ ilə fikir ayrılıqları, Amerika administrasiyasında bir sıra vəzifələrin indiyə qədər vakant qaldığı bir şəraitdə ilkin danışıqlar aparılması üçün tərəfdaşların çatışmaması kimi əlavə amillər həmin məsələni daha da mürəkkəbləşdirir.