25 may 2017 17:59
258

Qətərdə 28 May – Respublika Günü qeyd olunub

Azərbaycanın Qətərdəki səfirliyi 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, habelə Qətərin inkişafın planlaşdırılması və statistika naziri Saleh bin Mohammed Əl-Nabet, diplomatik korpusun üzvləri, Azərbaycan və türk icmasının nümayəndələri, yerli KİV təmsilçiləri və iş adamları iştirak ediblər.

Hər iki dövlətin himnləri səsləndirildikdən sonra ölkəmizin Qətərdəki səfiri Tofiq Abdullayev Azərbaycan və milli bayram barədə ətraflı məlumat verib. O, iki ölkə arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin keçən ilin martında ölkəmizə, Prezident İlham Əliyevin isə bu ilin fevralında Qətərə səfərlərinin ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu bildirib.

Tədbir çərçivəsində dövlətimizin turizm imkanları və tarixi abidələrini əks etdirən videoçarxlar nümayiş olunub, milli musiqilər səsləndirilib.

Qeyd edək ki, tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb. Habelə Qətərin “Əl-Ərəb”, “Əl-Şərq”, “Əl-Raya”, “Lusail” və digər qəzetləri Azərbaycan-Qətər münasibətlərinə, ölkəmizə dair geniş məlumatlar yayıblar.