26 may 2017 16:03
516

“Abşeronneft” NQÇİ hasilat planını 111,5 faiz yerinə yetirib

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun iştirakı ilə “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində 2017-ci ilin 4 ayının yekunlarına həsr edilmiş müşavirə keçirilib. Daşqın İskəndərov “Abşeronneft” NQÇİ-nin qarşısında duran vəzifələrdən danışıb, idarənin əsas göstəriciləri  təhlil edilib.

İdarənin rəisi Şahmar Hüseynov 2017-ci ilin 4 ayı ərzində görülmüş işlər barədə geniş hesabatla çıxış edib. Bildirib ki, nəzərdə tutulan neft hasilatı üzrə tapşırıq 115740 ton əvəzinə 129079 ton, yəni 111,5 faiz yerinə yetirilib. Əlavə 13339 ton artım olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 17577 ton, yəni 15,8 faiz artıb.

Cari ilin 4 ayında qaz hasilatı üzrə proqnoz 102,3 faiz yerinə yetirilib. Əlavə 297 min kubmetr qaz hasil edilib. Cari  il keçən il ilə müqayisədə qaz hasilatı 914 min kubmetr artıb və artım tempi 7,3 faiz təşkil edib. NQÇİ-də cari ilin birinci rübündə 13 yeni quyu qazılaraq təhvil verilib. Hazırda 5 quyu mənimsəmədədir. Qeyd olunub ki, 4 ay ərzində yan lülə kəsilişi ilə 2 quyunun qazılması planlaşdırıldığı halda 3 quyu qazılaraq istismara verilib. Fəaliyyətsiz fonddan 4 quyunun istismara qaytarılması planlaşdırıldığı halda 10 quyu istismara daxil edilib ki, bu quyulardan da 2486 ton neft alınıb. Cari ilin sonuna kimi daha 10 quyunun istismara qaytarılması və əlavə 6,5 min ton neft alınması planlaşdırılır.

Müşavirədə Qoşadaş sahəsində görülmüş işlər müzakirə edilib, bildirilib ki, burada 3D seysmik tədqiqatı yekunlaşıb və 2 axtarış-kəşfiyyat quyusunun qazılması tövsiyə olunub.  Hesabat dövründə  3 obyektdə əsaslı  təmir  işləri görüldüyü müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Hasilatın artırılması məqsədilə “Abşeronneft” NQÇİ-də 2017-ci ildə mövcud infrastrukturun təkmilləşdirilməsi, cari ilin sonuna kimi daha 20 obyektin təhvil verilməsi planlaşdırılır.

D.İskəndərov idarədəki mövcud  problemlərlə yerində tanış olub, onların  aradan qaldırılması üçün müvafiq göstərişlərini verib.

Nail Rəhimzadə, “İki sahil”