30 may 2017 22:02
532

SDU-nun nümayəndə heyəti kimya muəsissələrində olublar

Mayın 30-da Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun rəhbərlik etdiyi 20 nəfərlik professor-müəllim heyəti kimya müəssisələrində olmuşlar.

Əvvəlcə qonaqlar “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda bu günə qədər həyata keçirilmiş yenidənqurma işləri və istifadəyə verilmiş yeni qurğularla, eləcə də Buxar-generator kompleksinin iş prinsipi ilə yaxından tanış olmuş, istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyada kimyəvi analizlər aparmışlar. Qonaqlara 2019-cu ilə qədər davam edəcək perspektiv layihələr haqqında məlumat verilmiş, həyata keçirilən yenidənqurma işləri nümayəndə heyəti üzvlərinə təqdim olunmuşdur. 

“Azərikimya” İB-də ödənişli təcrübədə olan gənclərlə görüşən müəllimlərə məlumat verilmişdir ki, müəssisədə 2 ay ərzində təcrübə keçən 31 nəfərdən 6-sı Sumqayıt Dövlət Universitetinin məzunlarıdır. Onlara “Azərikimya” İstehsalat Birliyinin respublikamızın aparıcı təhsil ocaqları ilə apardığı qarşılıqlı faydalı əməkdaşlığı haqqında məlumat verilmiş, bunların arasında Sumqayıt Dövlət Universitetinin ön sıralarda olması istəyi dilə gətirilmişdir. Sonra qonaqlar Sumqayıt Kimya sənaye Parkında “SOCAR-Polymer” MMC-nin tikilməkdə olan 2 qurğusu və “Karbamid” zavodu ilə tanış olmuşlar.