Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün ekspedisiyaları tərəfindən seysmik və qravimaqnitometrik kəşfiyyat işlərinin 30%-ə yaxın hissəsi yerinə yetirilib
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin kollektivi 2017-ci ilə uğurla başlayıb. İdarənin strukturuna daxil olan İstehsalat bölümləri öz fəaliyyətlərini 2017-ci ilin yanvar-may ayları ərzində SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş iş proqramına əsasən qurublar.
“Kəşfiyyatgeofizika” İstehsalat Bölümü (İB) tərəfindən Aşağı Kür NQR-in Xıdırlı-Bəndovan sahəsində ötən il icrasına başlanılmış kompleks geofiziki (seysmik və qravimaqnitometrik) kəşfiyyat işləri cari ildə davam etdirilərək uğurla başa çatdırılıb. Qeyd etmək yerinə düşər ki, “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü son illərdə çöl və dəniz işlərinin yerinə yetirilməsi üçün lazım olan avadanlıqlarla yanaşı, materialların emal və interpretasiyasında da yeni proqramlar paketi ilə təmin olunub.
Hazırda Bölümün 1 və 2 saylı seysmik ekspedisiyaları tərəfindən Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə seysmik və qravimaqnitometrik kəşfiyyat işləri aparılır. Çöl işlərinə cari ilin aprel ayında başlanılıb və artıq nəzərdə tutulan işlərin 30%-ə yaxın hissəsi yerinə yetirilib. İş həcminin çoxluğu və tədqiqat sahəsinin genişliyi nəzərə alınaraq, operativliyi təmin etmək məqsədilə bir neçə yerdə müvəqqəti bazaların yaradılması planlaşdırılır. Bunun nəticəsində də işçi heyətin seysmik işlər aparılan ərazilərə yaxın yerlərdə yerləşdirilməsi, bazadan iş sahəsinə və geriyə olan yola sərf olunan vaxtın minimuma endirilməsi mümkün olacaq. Hazırda çöl işləri iki növbəli iş rejimi ilə yerinə yetirilir, işçilərin sosial-məişət şəraiti yüksək səviyyədə təşkil edilir, yanacaq-sürtgü və digər materiallara xeyli qənaət olunur, əlavə məsrəflərin qarşısı alınır. İşçi heyətin və seysmik avadanlıqların daşınması zamanı operativliyi təmin etmək üçün SOCAR-ın Nəqliyyat İdarəsindən müasir tələblərə cavab verən və yüksək keçiricilik qabiliyyətinə malik xüsusi texnika və nəqliyyat vasitələri icarəyə götürülüb və çöl işlərini yerinə yetirən ekspedisiyanın istifadəsinə verilib. İstifadə olunan xüsusi texnika və nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək və vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə onların hamısına GPS naviqasiya sistemi quraşdırılıb.
Çöl işlərinin müxtəlif hava şəraitlərində aparılması nəzərə alınaraq, əməkdaşlar mövsümə uyğun şəkildə xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunublar, onlara hər gün səhər işə başlamazdan əvvəl təlimatlar keçirilir. Bütün bunlarla yanaşı, işçilərin sağlamlığının qorunması üçün müvəqqəti bazalarda xüsusi həkim otaqları yaradılıb, iki nəfər təcrübəli həkim mövsümi işə qəbul olunub, onlar tibbi avadanlıqlarla təchiz edilib və “təcili tibbi yardım” maşını ilə təmin olunublar.
Geofizika və Geologiya İdarəsinin rəhbərliyi və digər məsul şəxslər daim iş sahəsində olur, lazım gəldikdə öz məsləhətləri ilə çöl işçilərinə yaxından köməklik göstərirlər.
Qeyd edək ki, çöl işləri zamanı ekologiyanın və tədqiqat sahələrinin flora və faunasının qorunmasına da xüsusi diqqət yetirilib. Çöl işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsində geofiziklərin fədakar əməyini xüsusi vurğulamaq lazımdır. “Kəşfiyyatgeofizika” İB-nin əməkdaşlarının yüksək peşəkarlığı və zəngin təcrübəsi sayəsində sıx yaşayış məntəqələri, suvarma kanalları, çay məcraları, əkin sahələri, bataqlıq və digər mürəkkəb yerüstu şəraiti ilə səciyyələnən tədqiqat sahələrində işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla aparılır ki, bunun da nəticəsində yüksək keyfiyyətli geofiziki məlumatlar almaq mümkün olub.
Bununla yanaşı, GGİ-nin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün dəniz seysmik ekspedisiyası tərəfindən Bakı arxipelaqı Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə sahəsində ikiölçülü seysmik, kəşfiyyat işlərinin yerinə yetirilməsinə başlanılmış və hazırda bu tədqiqatlar təqvim planına uyğun davam etdirilir. Ərazi estakadaların və platformaların sıxlığı eyni zamanda müxtəlif təyinatlı gəmilərin hərəkətinin intensivliyi ilə xarakterizə olunur.
Seysmik kəşfiyyat işlərinin çətinliklərinə baxmayaraq, ekspedisiya əməkdaşlarından Çingiz Xəlilov, Anar Priverdiyev, Vasif Mustafayev, Sərxan Qadaşov, Rəşad Sadıqov və başqa əməkdaşların fədakarlığı nəticəsində işlərin təqvim planına uyğun yerinə yetirilməsinə və yüksək keyfiyyətli seysmik məlumatların alınmasına nail olunur.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb