«SOCAR-AQŞ» Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq API komitəsi tərəfindən «API Specification Q2» sertifikatına layiq görülüb. Bu nailiyyət müəssisə üçün böyük əhəmiyyət kəsb edir və «SOCAR-AQŞ»nin gələcək inkişafı istiqamətində yeni imkanlar yaradır.
Qeyd edək ki, Amerika Neft İnstitutu (API) 1924-cü ildən etibarən dünya miqyasında neft və qaz sənayesinə aid olan standartların yaradılması və tətbiqi sahəsində aparıcı rol oynayır. API-ın neft-qaz sənayesinin bütün seqmentlərində fəaliyyət göstərən 600-dən çox korporativ üzvü var.
«SOCAR-AQŞ» 2015-ci ilin aprel ayından etibarən müəssisədə «API Specification Q2» standartının tətbiqi və sertifikatlaşdırılması layihəsinə start vermişdi. Keyfiyyəti İdarəetmə Sistemi üzrə tətbiq edilən bu standart neft və qaz sənayesində xidmət göstərən müəssisələr üçün tələbləri müəyyənləşdirir.
Müəssisənin İdarəetmə Sistemləri şöbəsinin müdiri Zaur Fərzəliyev bildirib ki, «SOCAR-AQŞ» «API Specification Q2» sertifikatına layiq görülməklə yeni inkişaf mərhələsinə qədəm qoyub: «Standartın tətbiqi ilə bağlı işçi heyətimiz əzmlə çalışıb. Müəssisədə həyata keçirilən bütün prosesləri standartın tələblərinə uyğun hazırlamağa müvəffəq olduq və API auditorlarının həyata keçirdiyi 2 mərhələli yoxlamalardan uğurla keçdik. Sevindirici haldır ki, milli qazma müəssisələri arasında ilkə imza ataraq müvafiq sertifikata layiq görüldük. «SOCAR-AQŞ»nin bu uğuru beynəlxalq bazarlara çıxış imkanını artırmaqla bərabər, rəqabətədavamlılıq göstəricilərini də daha da yüksəldir. Əsas işimiz standartın tətbiqi ilə yanaşı, onu işlək vəziyyətdə saxlamaq və davamlı təkmilləşdirmək olacaq.»
Orxan Vahidoğlu, «İki sahil»
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb