05 iyun 2017 14:26
424

OPEC hasilatı yenidən azalda bilər

“Bloomberg”in məlumatına görə,  Neft İxrac Edən Ölkələr Birliyi OPEC ölkələri gündəlik neft hasilatının daha 1-1,5% azaldılması məsələsini yenidən müzakirəyə çıxarıblar. Kartelə üzv ölkələr birjalarda toplanmış mövcud “qara qızıl” ehtiyatlarının yüksək səviyyədə tutularaq neftin qiymətinə təsir göstərmək təklifini dəyərləndiriblər.

OPEC ölkələri və quruma üzv olmayan istehsalçı ölkələrin nazirləri sonuncu Vyana sammitində hasilatın daha çox azaldılması istiqamətində açıqlamalar versələr də, lakin mayın 25-də baş tutmuş yekun iclasda yalnız mövcud sazişin müddətinin daha 9 ay uzadılması qərara alınmışdı. Lakin OPEC ölkələri bu həftə bir araya gələrək öz aralarında gündəlik hasilatı daha 300 min barrel azaltmaq məsələsini yenidən müzakirə ediblər.

Əgər OPEC ölkələri hasilatın daha çox azaldılması ilə bağlı kartel daxilində razılığa gələrlərsə, qurumun payına düşən azalma payı gündəlik 1,2 milyon barreldən 1,5 miyon barrel səviyyəsinə yüksələcək. Ekspertlər OPEC-in bu qərar ilə dünya birjalarında hansı proseslərin gedəcəyini gözlədiyini qeyd edirlər.

OPEC-in gözlənilməz addımına ilk reaksiya “Goldman Sachs”dan gəlib. Belə ki, qurum rəsmi açıqlamasında OPEC-in qısamüddətli hədəflərə can atmaqdansa, ABŞ-ın Federal Ehtiyatlar Sistemindən dərs almalı olduğunu və uzunmüddətli neft hasilatı strategiyaları ilə bağlı açıqlamalar verməsinin daha məqsədəuyğun olduğunu qeyd edib.

“Goldman Sachs”ın əmtəə araşdırmaları direktoru Jeffery Currie ötən həftə Vyanada baş tutmuş sammitin ardından neftin qiymətinin ani bir şəkildə endiyini və bununla da OPEC-in çıxılmaz vəziyyətə düşdüyünu bildirib: “OPEC neft birjalarını bu çətin durumdan çıxarmaq üçün heç bir strategiya ilə təmin etmədi. Mövcud ehtiyatların azadılması və normallaşdırılması qısamüddətli çıxış yolu kimi görünsə də, OPEC üzvləri böhrandan çıxmaq istiqamətində uğur əldə edə bilmədi”

Xatırladaq ki, OPEC üzvləri və kartelə daxil olmayan istehsalçı ölkələr ötən həftə yenidən bir araya gələrək mövcud Vyana sazişinin müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə etmişdilər. Müqavilənin şərtlərinə görə, bütün istehsalçılar toplam neft hasilatını 2018-ci ilin martına kimi gündəlik 1,8 milyon barrel azaltmalıdırlar.

Həmidağa Məcidov, “İki sahil”