07 iyun 2017 23:08
862

Qaradağ Qazpaylayıcı Stansiyasında mülki müdafiə məşqi

“Qaz İxrac” İdarəsinin Qaradağ Qazpaylayıcı Stansiyasında mülki  müdafiə məşqi

SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Qaradağ Qazpaylayıcı Stansiyasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, idarəetmənin təşkili və qarşılıqlı fəaliyyət” mövzusunda mülki müdafiə məşqi keçirilmişdir.

Mülki  müdafiə məşqi Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Mülki Müdafiə qüvvələri tərəfindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi riskli xilasetmə xidmətinin mütəxəssislərinin, FHN-in Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon hissəsinin yanğınsöndürənlərinin,   Qaradağ Rayon Polis İdarəsinin asayişin mühafizə xidmətinin əməkdaşlarının, Qaradağ rayon Gigiyena-Epidemiologiya Mərkəzinin laborantlarının, profilaktik-dezinfeksiya qrupunun rayon təcili yardım stansiyasının həkimlərinin, “Qızıl Aypara”nın sanitarlarının, “Etalon Security” MMC-nin mühafizəçilərindən ibarət qrupun cəlb edilməsi ilə  keçirilmişdir. 

Məşqin gedişində işçilərin təxliyə olunması, təxribatçının zərərsizləşdirilməsi, yanğının söndürülməsi, şərti partlayıcının pirotexniklər tərəfindən müəyyən edilməsi və neytrallaşdırılması, kinoloqların köməyi ilə uçqun altında qalanların müəyyən olunaraq xilas edilməsi, laboratoriya nümunələrinin aparılması, profilaktik dezinfeksiya işlərinin görülməsi, qaz kəmərlərində qəza-bərpa, axtarış-xilasetmə işləri həyata keçirilmişdir.

Sonda məşqə yekun vurulmuş və iştirakçılara məşq zamanı qarşıya qoyulmuş məqsədə nail olunduğu bildirilmişdir.

Məşq “Qaz İxrac” İdarəsinin rəhbərliyi tərəfindən izlənilmiş və yüksək qiymətləndirilmişdir.

Həzi Həsənli,
Qaz İxrac” İdarəsinin əməkdaşı