Bakıda SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ), Azərbaycan Milli Elmlər Akademiyasının və N.L.Duxov adına Ümumrusiya Elmi-Tədqiqat Avtomatika İnstitutunun, “Rosatom” Enerji Korporasiyasının birgə təşkilatçılığı ilə “Neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi zamanı spektrometrik nüvə-fiziki üsullarının tətbiqi” mövzusunda Beynəlxalq elmi-praktik seminar keçirildi. Seminarda Rusiya, Qazaxıstan, Serbiya və Monteneqrodan nümayəndələr iştirak edirdilər.
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə həyata keçirilən enerji siyasətindən ətraflı bəhs etdi. E.Şirinov bildirdi ki, seminarın məqsədi neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi zamanı nüvə-fiziki üsullardan istifadə edilməsi, bu istiqamətdə hazırlanmış yeni cihaz və avadanlıqlarla tanışlıq, birgə tədqiqatların aparılması, gələcəkdə yeni avadanlıqların işlənib hazırlanması və istehsalata tətbiqidir. E.Şirinov vurğuladı ki, quyularda nüvə maqnit karotajı ilk dəfə Azərbaycanda tətbiq edilib: “Qeyd etmək istəyirəm ki, bu üsulların nəzəriyyəsi və müvafiq cihaz və avadanlıqlar da Azərbaycan geofizikləri tərəfindən yaradılıb. Keçmiş Sovetlər Birliyinin müxtəlif neftli-qazlı ərazilərində məhz Azərbaycan neftçiləri nüvə karotajı üsulu ilə işləyib və kifayət qədər yüksək nəticələr əldə ediblər.”
Seminarda “Rosatom”un direktor müavini, N.L.Duxov adına Ümumrusiya Elmi-Tədqiqat Avtomatika İnstitutunun Elmi İstehsalat Mərkəzinin rəhbəri, texnika elmləri namizədi Dimitri Yurkov “Rusiyanın atom sahəsi müəssisələrində iqtisadiyyatın neft-qaz sektoru, filiz sənayesi, kosmik texnikası üçün yüksək texnologiyalı məhsulların istehsalı mümkünlüyü”, N.L.Duxov adına Ümumrusiya Elmi-Tədqiqat Avtomatika İnstitutunun Elmi-tədqiqat şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri namizədi Vladimir Zverev “İdarəolunan neytron generatorları əsasında “VNİİA”nın radioaktiv karotaj cihazları və neft-qaz geofizikası üçün avadanlıq”, AMEA-nın Radiasiya Problemləri İnstitutunun Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Famil Hümbətov, “Tvergeofizika EİM” ASC QGT-nin nüvə-fiziki üsulları verilənlərinin kompleks interpretasiyası texnologiyası şöbəsinin aparıcı elmi işçisi Boris Juravlyov “Öyrənilən obyektlərin müxtəlif geoloji-texnoloji şəraitində neft və qaz quyularında müasir impuls spektrometrik nüvə üsulları ilə alınan çoxparametrli informasiyanın interpretasiyasının xüsusiyyətləri” və “Neft-qaz yataqlarının işlənməsi üsullarının əsaslandırılması və geoloji-texnoloji qərarların qəbul edilməsi zamanı nüvə spektrometriyası nəticələrinin rolu” mövzularında məruzələri maraqla qarşılandı.
Həmçinin SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Mədəngeofizika” İstehsalat Bölümünün geologiya üzrə rəis müavini Zeynəddin Umarov “Azərbaycan yataqlarında İNNK, NMK, SQK, cihaz kompleksi vasitəsilə tədqiqatlar: yaranma tarixi, tətbiq nəticələri və istifadə perspektivləri”, “GeotexnoKİN ETC” MMC-nin baş mühəndisi Konstantin Minyuk “Kompozisiya materialları və texniki-metodiki həllərdən istifadə etməklə geoloji-texniki tədbirlərin optimallaşdırılması”, AMEA-nın müxbir üzvü, AMEA Geologiya və Geofizika İnstitutu Geoloji mühitin radiometriyası şöbəsinin müdiri Çingiz Əliyev “SQ-1 Saatlı çox dərin quyusunun vulkanogen qatının süxur nümunələrinin qamma-spektrometrik tədqiqatları”, “VNİPİvzrıvgeofizika” ASC-nin baş direktoru, texnika elmləri doktoru Aleksandr Merkulov “İnformasiya-idarəedici quyu sistemləri əsasında layların təkrar açılışı və neft axınının intensivləşdirilməsi üçün innovativ cihaz-texnoloji kompleksi” mövzularında məruzələr etdilər.
Seminar qarşılıqlı fikir mübadilələri ilə davam etdirildi. Müzakirələr nəticəsində qərara alındı ki, birgə tədqiqatlar genişləndirilsin, yeni işlənmələrlə tərəflər bir-birini məlumatlandırsın. Tədbirin sonunda seminarın davamlı olaraq hər il keçirilməsinin məqsədəuyğun olduğu vurğulandı.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb