SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) və “Azərbaycan Milli Geofizika Komitəsi” İctimai Birliyinin təşəbbüsü ilə veteran geofizik və geoloqların gənclərlə görüşü keçirildi. GGİ-nin rəisi Elçin Şirinov görüşdə iştirak etdikləri üçün veteran neftçi-geofizik və geoloqlara minnətdarlığını bildirdi və onlardan gənclərə öz tövsiyələrini verməyi xahiş etdi. Elçin Şirinov SOCAR-ın ali təhsil ocaqlarında təhsil alan istedadlı tələbələrə ayırdığı diqqət, həmçinin Dövlət Neft Şirkətinin proqramları barədə ətraflı məlumat verdi. Gənc mütəxəssislərin yetişdirilməsinə kömək məqsədilə idarənin ali təhsil ocaqları ilə də sıx əməkdaşlığının olduğunu diqqətə çatdıran GGİ-nin rəisi vurğuladı ki, bu kimi görüşlərin keçirilməsinin yeni nəsil neftçi geoloq və geofiziklərin yetişməsində, gənclərin yüksək səviyyəli mütəxəssislər kimi formalaşmasında müstəsna əhəmiyyəti var.
“Azərbaycan Milli Geofizika Komitəsi” İctimai Birliyinin sədri Şahvələd Köçərli gənclərin, tələbələrin geofizika və geologiya sahəsində müstəsna xidmətləri olan veteran neftçilərin təcrübəsindən yararlanmağının vacibliyindən danışdı. Qeyd etdi ki, belə bir görüşün keçirilməsi zərurəti çoxdan yaranmışdı və burada iki məsələni xüsusi vurğulamaq lazımdır: birincisi, veteran geofizik və geoloqlarımız bilməlidirlər ki, onların əməyi və özləri heç vaxt unudulmur, daim qəlbimizdədir; ikincisi isə, gənclər onların təcrübəsi və biliklərindən yararlanmalıdırlar.
Görüşdə veteran geofiziklərdən professor, AMEA-nın müxbir üzvü Kərim Kərimov bu tədbirin təşəbbüskarları və təşkilatçılarına minnətdarlığını bildirdi, gələcəkdə də onun mütəmadi olaraq keçirilməsini arzuladı.
Elmlər doktorları, professorlar Rahib Rəhmanov, Baba Qarayev, Namaz Yusubov, Mikayıl Bağırov, Tofiq Əhmədov və başqaları son illərin geofizikasının uğurlarından danışdılar, gənclərin bu nəticələrdən yararlanmalarının vacibliyini qeyd etdilər. Onlar öz tövsiyə və tənqidlərini də bildirdilər. Təcrübəli geofizik Xədicə Heydərovanın çıxışı böyük maraq və alqışlarla qarşılandı. X.Heydərova qeyd etdi ki, 60 ilə yaxın fəal əmək təcrübəsinin sanki heç kəsə gərək olmaması hissi üzüntülüdür və bu barədə geofiziki təşkilatların rəhbərləri yaxşıca düşünməli, əməli işlər görməlidirlər.
Çıxış edənlərdən Teyfur Məlikovun, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Geofizika Departamentinin rəisi Əli Novruzovun tövsiyələri də maraqla qarşılandı. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistr və tələbələrinin çıxışları, təklifləri də yaddaqalan oldu.
Tədbirin sonunda veteran geofiziklərə hədiyyələr və fəxri fərmanlar təqdim edildi.
Orxan Vahidoğlu, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb