14 iyun 2017 19:59
487

“Yokogawa Electric Corporation” Sumqayıt Təlim-tədris Mərkəzində

İyunun 14-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində müasir texnologiyalarına görə dünyada tanınmış olan “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılış mərasimi keçirilmişdir.SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, TTSİ-nin rəisi Fuad Süleymanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci katibi cənab Usui, Yokogawa şirkətinin Rusiya nümayəndəliyinin Baş direktoru Vladimir Saveliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak etmişlər. 

Bildirilmişdir ki, müvafiq avadanlıqlarla təchiz olunan otaq avtomatik idarəetmə sistemləri üzrə təlimlərinin aparılması, proqram təminatı, həmçinin CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Təlimlərdə “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun bu sistemin 2013-cü ildən bəri tətbiq olunduğu Buxar Generator Kompleksində, modernizasiya işləri çərçivəsində Yokogawa şirkəti tərəfindən “EP-300” qurğusunda quraşdırılacaq idarəetmə sistemlərində, həmçinin Heydər Əliyev adına Bakı Neft emalı zavodunun Bitum qurğusunda, “SOCAR-Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen qurğularında çalışacaq mühəndislər və operatorlar iştirak edəcəklər. Bu təlim otağının yaradılmasında əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqinə nail olmaq və yerli mütəxəssislərin bu sahə üzrə biliklərini gücləndirməkdir. 

Sonda yaradılmış şəraitə və ödənişsiz əsaslarla keçiriləcək təlimlərə görə “Yokogawa Electric Corporation” şirkətinə minnətdarlıq bildirimişdir.