Dünyada neft ölkəsi kimi tanınan Azərbaycan iqtisadi inkişaf yolunda inamla irəliləyir. 1994-cü il sentyabrın 20-də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Artıq 23 ildir ki, müstəqil Azərbaycan özünün neft strategiyasını uğurla həyata keçirir.
Bir qədər yaxın keçmişə qayıdaraq, xüsusilə qeyd etmək lazımdır ki, 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyev bu müddət ərzində Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin böyük sıçrayışlı inkişafına nail olub. Heydər Əliyevin şəxsi təşəbbüsü, pripsipiallığı və ciddi səyləri nəticəsində Azərbaycanda çoxlu sayda zavod, fabrik və istehsal obyektləri işə salınıb. Neft sənayesinin ölkə iqtisadiyyatındakı rolunu uzaqgörənliklə nəzərə alan Heydər Əliyev ötən əsrin 70-ci illərində bu sahənin dinamik inkişafına nail olub, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin edib.
Ümummilli Lider daim Azərbaycanın neft sənayesinə, xüsusilə onun bayraqdarı olan Yeni Bakı Neftayırma Zavoduna (indiki Heydər Əliyev adına Neft Emalı Zavodu) xüsusi diqqət və qayğı ilə yanaşıb, həmişə onun inkişafı üçün münbit şərait yaradıb. Məhz 70-ci illərdən başlayaraq həmin zavodda yeni qurğuların tikilməsi, müasir texnologiyaların tətbiq olunması Ümummilli Liderin gərgin səyləri sayəsində olub. O dövr dünyada ən qabaqcıl texnologiya sayılan ED-AV-6 kimi nəhəng neftayırma kompleksinin inşa olunması ideyasını Heydər Əliyev uzaqgörənliklə irəli sürüb, onun tikintisinə və istismara buraxılmasına nail olub.
1980-ci ildə yüksək oktanlı benzin istehsal edən katalitik riforminq qurğusunun inşa olunub istismara verilməsi də Heydər Əliyevin xidmətlərindəndir. Nəhəng koks istehsalı, katalitik krekinq komplekslərinin tikintisi bilavasitə ulu öndərin adı ilə bağlıdır.
2004-cü il may ayının 5-də zavodda ümummilli lider Heydər Əliyevin abidəsinin təntənəli açılışı mərasimində iştirak edən Prezident İlham Əliyev kollektiv qarşısında çıxış edərək həmin günün Azərbaycan neft sənayesi tarixində əhəmiyyətli hadisə olduğunu qeyd edərək kollektivin nailiyyətlərindən söz açdı. Zavodun ikinci həyatının 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamasını bildirdi, burada gedən işlərin çox yüksək standartlara cavab verdiyini qeyd etdi. Ulu öndər Heydər Əliyevin bu zavodun tikilməsində böyük xidmətlərini önə çəkən cənab İlham Əliyev dedi: “Vaxtilə Azərbaycanda böyük neft potensiallı infrastruktrlar, neft emalı zavodları, xüsusilə bu gün Heydər Əliyevin adını daşıyan Neft Emalı Zavodu yaranmışdır. Bu zavod məhz onun fəaliyyəti nəticəsində tikilmişdir və bu gün müəssisə ən yüksək standartlara cavab verir, xarici ölkələrə neft məhsulları ixrac edir”.
Bütün bunlar isə dövlət əhəmiyyətli müəssisədə həyata keçirilən yenidənqurma, quruculuq işləri, hərtərəfli yüksəliş Heydər Əliyevin müdrik rəhbərliyi nəticəsində olub. Heydər Əliyevin vaxtilə müəssisə üçün gördüyü işlər bu gün öz bəhrəsini verir.
Ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafına dair verdiyi dəyərli tövsiyələri fəaliyyətlərində rəhbər tutan neftayıranlar üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışır və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsi üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan iqtisadiyyatının prioritet sahəsi sayılan neft sənayesinin sürətli inkişafı emal kompleksinin, o cümlədən Heydər Əliyev adına NEZ-in yenidən qurulması, modernləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Bu gün Heydər Əliyev adına NEZ-in daha da inkişaf etdirilməsi, müasir tələblərə cavab verən texnologiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Qeyd olunan uğurlu tədbirlərdən biri zavodun ərazisində yeni su soyutma qurğusunun inşa olunmasıdır. Ötən ay texnoloji qurğularının soyutma sisteminin təkmilləşdirilməsi üçün istismara verilmiş müasir su soyutma qurğusu (Qradirni) da zavodun yenidən qurulması istiqamətində uğurlu işlərdən sayılır.
Su soyutma qurğusunun baza layihəsini Heydər Əliyev adına NEZ ilə Fransanın “HAMON THERMAL EUROPE” firması və mövcud istismarda olan texnoloji qurğulara verilən təmizlənmiş və soyuq su üçün əlaqələndirici boru xətlərin çəkilməsini isə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu hazırlamışdır.
Su soyutma qurğusunun tikintisinə SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən 2015-ci ilin fevral ayında başlanılmış və 2017-ci ilin aprel ayında başa çatdırılmışdır. Qurğu ümummilli lider Heydər Əliyevin doğum günündə istismara buraxılmışdır.
Qradirni qurğusununun soyudulmuş suya görə məhsuldarlığı 7000m3/saat-dır. Bu qurğuda dövretdirilən suyun temperaturunun aşağı salınması hava ventilyatorları vasitəsilə həyata keçirilir. Üfürmədən və buxarlanmadan yaranan su itkisinin kompensasiya edilməsi üçün qida suyu “Azərsu” ASC-yə məxsus magistral su kəmərindən və zavodun mövcud texniki Ceyranbatan su sistemindən götürülür.
Zavodda modernizasiya və yenidənqurma ilə əlaqədar olaraq bu layihəyə baxılmış, Qradirniyə əlavə blok quraşdırmaqla, gələcəkdə tikiləcək yeni qurğuların qoşulması nəzərə alınmışdır.
Texnoloji qurğulardan isti və çirkli su Qradirninin giriş hovuzuna daxil olur, mexaniki separasiya olunaraq soyuq su hovuzuna nəql olunur.
Su soyutma qurğusuna-məhsuldarlığı 3500 m3/saat olan 3 ədəd dövrü isti su dərinlik nasosları, 3 ədəd məhsuldarlığı 3500 m3/saat olan dövrü soyuq su nasosları, 4 ədəd neft-su ayırıcısı, 2 ədəd ventilyator ilə soyutma sistemi, mexaniki süzgəclər, reagent təsərrüfatı, dövri su xətləri və yanğınsöndürmə su sistemləri daxildir.
Qradirninin işə salınmasına qədər zavodun 9 №-li sahənin dövri su təchizatı üzrə xidməti sahə və bioloji təmizləmə qurğusu zavodun texnoloji qurğu və sahələrini dövrü su və bioloji təmizlənmiş dövrü su ilə təmin edirdi. 2016-cı ildə zavodun texnoloji qurğu və sahələrinə 5550000 m3 dövri su, Bioloji təmizləmə qurğusunun (BTQ) nasosxanasından 7591000 m3 bioloji təmizlənmiş dövri su verilmişdir. Dövri suyun temperaturu yay aylarında 450 C qədər yüksəlirdi. Bu da qurğularda texnoloji proseslərin aparılmasını çətinləşdirirdi. Bioloji təmizlənmiş dövri su 25-260 C dərəcə intevalında dəyişir və həcmi isə ancaq 5№-li istehsalatın tələbatını ödəyə bilirdi. BTQ-dən verlən su qurğulardan sonra “Ekol MX” QSC-nin mexaniki təmizləmə sahəsinə gəlib orada təmizlənirdi. Həmin su zavodun sənaye çirkab suyu ilə qarışırdı və bu da suyun təmizlənməsini çətinləşdirirdi.
Yeni su soyutma qurğusunun işə salınmasından sonra “Ekol MX” QSC-yə daxil olan su dörd dəfəyədək azaldılmışdır. BTQ-yə də daxil olan suyun miqdarı azaldığından bioloji prosesin keyfiyyəti də artmışdır. Qradirni zavodun texnoloji qurğu və sahələrini soyudulmuş su ilə qapalı sistemdə təmin edir. Bu da həm su itkisinin, həm də suyun çirklənməsinin qarşışını alır.
Bu qurğu eyni zamanda zavodda həyata keçirilməsi planlaşdırılan 21 nömrəli ED-AV-6 qurğusunun ildə 7,5 milyon, 55 nömrəli katalitik krekinq qurğusunun 2,5 milyon ton məhsuldarlığa rekonstruksiyasi və tikiləcək yeni qurğular nəzərə alınaraq inşa edilib. Yeni qurğu qapalı sistemdir. Onun istismara verilməsindən sonra bioloji təmizləmə qurğularından zavoda verilən və dövretdirilən suyun 10 dəfədən çox azalması nəticəsində bioloji təmizləmə qurğularının izafi yüklənməsinin qarşısı alınacaq ki, bu da ekoloji mühitin yaxşılaşmasına mühüm töhfə verəcək.
İyunun 7-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişlər. Susoyutma qurğusuna gələn SOCAR prezidenti yeni qurğunun istismara verilməsi münasibəti ilə zavodun kollektivini təbrik etmişdir. Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər qurğuya baxış keçirmiş və Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov onlara qurğunun iş rejimi haqqında məlumat vermişdir.
Daha sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və onu müşayiət edən şəxslər illik məhsuldarlığı 779840 ton olan 54 nömrəli doymuş amin məhlulunun regenerasiyası qurğusu və 1980-ci ildən istismarda olan katalitik riforminq qurğusunda müasir avtomatik idarəetmə sisteminin işi ilə tanış olmuşlar.
Zavodda aparılan yenidənqurma və müasirləşdirmə tədbirlərindən razılığını bildirən SOCAR prezidenti Rövnəq Abdullayev yeni istehsalat obyektlərinin istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirmiş, qurğuların zavodun fəaliyyətində, emalçıların iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.
Zavodda emal qurğularının gücündən səmərəli istifadə olunması və müasir texnologiyanın, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin tətbiqi üçün tədbirlərin həyata keçirilməsi də diqqətimizdədir. Neftin səmərəli emalı üçün emal qurğularının modernləşdirilməsi, avadanlıqların yeniləşdirilməsi, texnoloji proseslərin avtomatik idarə olunması prosesi mütəmadi olaraq davam etdirilir. Qeyd etmək lazımdır ki, zavodumuzda avtomatik idarəetmə sisteminin tətbiqinə ötən əsrin sonlarından başlanılıb. İlk dəfə 1999-cu ildə respublika iqtisadiyyatında müstəsna əhəmiyyətə malik 55 №-li katalitik krekinq qurğusunda TDC-3000 elektron idarəetmə sistemi tətbiq olunub. Bu sistem 2003-cü ildə daha modern TPS, 2011-ci ildə isə mütərəqqi texnologiyanın son nailiyyəti olan Experion-PKS sistemləri ilə əvəzlənib. 2010-cu ildə zavodun 43 №-li tədrici kokslaşma qurğusunun da müasir Experion-PKS sistemlə idarə olunması qurğunun fəaliyyətinin dəqiqliklə nəzarətdə saxlamaqla onun gücündən daha səmərəli istifadə etməyə, yüksək məhsuldarlığa və fasiləsiz iş rejiminə nail olmağa imkan yaradıb. Belə bir sistem katalitik riforminq qurğusunda da tətbiq olunub. Katalitik riforminq qurğusu 1980-ci ildə istismara verilib və o dövr üçün çox müasir sayılan nəzarət-ölçü və avtomatika cihazları ilə təchiz olunmuşdu. Lakin zaman keçdikcə bu cihazlar köhnəlmiş və istehsaldan çıxarıldığı üçün əvəzediciləri tükənmişdi. Ona görə də qurğunun daha etibarlı və təhlükəsiz istismarını təmin etmək üçün köhnə sistem tam yeni, XPERİON PKS tipli yeni avtomatik idarəetmə sistemi ilə əvəz olunub.
Bu sistemin tətbiqi qurğunun idarə olunmasında insan faktorunu minimuma qədər aşağı salmaqla yanaşı, təhlükəsizliyin tam təminatına imkan yaradıb. Təbii ki, bu yenilik alınan məhsulların həm kəmiyyət, həm də keyfiyyətinə öz müsbət təsini göstərib.
Təkmilləşdirmə işlərin davamı olaraq zavodun 54 №-li qurğunun doymuş MEA məhlulu regenerasiya blokunda yeni layihə həyata keçirilmişdir. Məhsuldarlığı 779840 ton/il olan 54 №-li doymuş amin məhlulunun regenerasiyası qurğusunun istismara verilməsi “Azərikimya” İB-nə nəql olunan quru qazın keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, ildə 6000 ton kaustik sodaya qənaət etməyə imkan vermişdir.
Belə ki, quru qazın təmizlənməsi bölməsində təmizləmə prosesində MDEA (metil-dietanol amin) məhlulu hidrogen sulfidlə doyandan sonra onu 54 №-li qurğuya regenerasiya olunmaq üçün nəql edilir və regenerasiya olunmuş MDEA məhlulu yenidən təmizləmə prosesinə qaytarılır. Proses demək olar ki, MDEA-nın itkisi olmadan davam edir və ətraf mühitə heç bir zərərli təsiri yoxdur.
Zavodun müasirləşməsi eyni zamanda onun məhsullarının keyfiyyət və səmərəsini artırıb. Bu strateji əhəmiyyətli müəssisənin inkişafı SOCAR rəhbərliyinin daim diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğı sayəsində müasirləşən zavod emal etdiyi məhsulların keyfiyyətini daim artırır.
SOCAR rəhbərliyi istehsalat uğurları ilə bərabər, insan amilini, eyni zamanda ekoloji təhlükəsizliyi də daim diqqətdə saxlayır. Bu istiqamətdə zavodda bir sıra işlər görülür. Ətraf mühitə dəyən mənfi təsiri azaltmaq məqsədi ilə müəssisədə sistematik olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Enerji daşıyıcılarının, xüsusilə sobalarda yandırılan yanacağın sərfinin azaldılması, neft və neft məhsulları saxlanılan çənlərin saz vəziyyətdə istismarının təmin edilməsi və s. belə tədbirlərdəndir. Qeyd edək ki, ətraf mühitə vurulan mənfi təsirin dərəcəsi zavodun normativ sənədləri ilə tənzimlənir və bu səbəbdən zavodun hazırkı ekoloji göstəriciləri tamamilə normativlərə uyğundur. Müəssisədə ekoloji vəziyyətin yaxşılaşdırılmasında böyük rolu olan abadlaşdırma və yaşıllaşdırma işlərinə dair də tədbirlər həyata keçirilir. Ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması üçün zavoddaxili və zavodətrafı ərazilərdə yaşıllıqların salınması, ağac və kolların əkilməsi, onlara aqrotexniki qulluğun təmin edilməsi gündəlik işimizdir.
SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun ölkə iqtisadiyyyatının inkişaf etdirilməsində özünəməxsus yeri və rolu danılmazdır. Şirkətin bir çox əmək kollektivləri kimi, “Azərneftyağ” NEZ-in ona qoşulmasından sonra daha da monolit, sıx qüvvəyə çevrilmiş Heydər Əliyev adına Neft Emalı Zavodunun neft emalçıları neft sənayesinin inkişafına mühüm töhfələr verirlər. Təsadüfi deyil ki, dövlət plan-tapşırıqlarının vaxtında yerinə yetirməsi məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir. Zavod rəhbərliyinin, baş mütəxəssislərin və kollektivin gərgin əməyi sayəsində uğurlar əldə edilmişdir. Yanacaq enerji təhlükısizliyinin etibarlı təminatı, daxili və xarici bazarlar üçün rəqabət qabiliyyətli neft məhsullarının istehsalı, avtomobil benzinləri və dizel yanacağının AVRO 5 ekoloji standartlarının tələblərinə cavab verməsi, neft emalı məhsullarına ölkə daxili təlabatın uzunmüddətli təmin edilməsi, istismar xərclərinin azaldılması və gəlirliyin artırılması, “Azərikimya” İB-in xammal ilə etibarlı təmin olunması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə yaxın gələcəkdə Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işləri aparmaqla, müasir texnoloji qurğuların inşa edilməsinə start verilmişdir.
Ölkəmizin, o cümlədən müəssisəmizin əldə etdiyi müvəffəqiyyətlər ulu öndər Heydər Əliyevin müdrik siyasəti və hazırda bu kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Əminik ki, aparılan məqsədyönlü iqtisadi siyasət son nəticədə ölkəmizin daha böyük uğurlara imza atmasına və bütün sahələrin bundan sonra da hərtərəfli inkişafına səbəb olacaq.
Ramazan Qəribov,
Heydər Əliyev adına Neft Emalı Zavodunun baş texnoloqu
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb