20 iyun 2017 23:31
717

Dünyada təbii qaz ixracı artıb

Bu il dünya enerji bazarında təbii qaz ixracatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% artaraq 1 trilyon 840 milyon kubmetrə yüksəlib. Təbii qaz ixracatında Rusiya, mayeləşdirilmiş təbii qaz ixracında (LNG) isə Qətər ötən illə müqayisədə liderliyi əldən verməyib.

BP-nin 2017-ci il üçün “Qlobal enerji statistikası” raportuna görə, dünya birjalarında təbii qaz ixracının artması bütün istehsalçı və istehlakçı ölkələrə təsir göstərib. Ötən il bütün dünyada baş tutmuş təbii qaz satışlarının 68%-i boru xətləri vasitəsilə həyata keçirilib. Mayeləşdirilmiş təbii qaz nəqli isə 32%-lik göstərici ilə ikinci sırada yer alıb. Sözügedən raportda göstərilir ki, 1 illik müddətdə bütün dünyada boru xətləri vasitəsi ilə toplam 737,5 milyard kubmetr, LNG üsulu ilə 346,6 milyard kubmetr təbii qaz satışı həyata keçirilib.

Dünya enerji birjalarında təbii qaz ixracatının öncəki illə müqayisədə 4,8% artaraq 1 trilyon 840 milyon kubmetrə yüksəlməsi ilə “mavi yanacağ”ın satışında ciddi artım müşahidə olunub. Xatırladaq ki, 2 il öncə, 2015-ci ildə dünyada satılmış təbii qazın toplam həcmi 1 trilyon 340 milyon kubmetr səviyyəsində idi.

BP-nin raportunda göstərilir ki, ötən il dünyada boru xətləri vasitəsi ilə həyata keçirilən təbii qaz ixracatında 190,8 milyard kubmetrlə Rusiya birinci pillədədir. Siyahıda 109,8 milyard kubmetr göstərici ilə Norveç ikinci yerdə qərarlaşıb. Müvafiq dövr ərzində dünyada boru xətləri vasitəsi ilə ən çox təbii qaz idxal edən ölkə isə Almaniya olub. Belə ki, Almaniya son 1 ildə istehsalçı ölkələrdən 99,3 milyard kubmetr həcmində “mavi yanacaq” idxal edib. Eyni kateqoriya üzrə Almaniyadan sonra siyahıda ikinci yerdə 82,5 milyard kubmetr ilə ABŞ qərarlaşıb.

Sözügedən zaman ərzində dünya enerji bazarında ən çox LNG satışı həyata keçirən ölkə isə Qətər olub. Belə ki, Qətər bu müddətdə 104,4 milyard kubmetr həcmində LNG satışını reallaşdırıb. Qətərdən sonra 56,8 milyard kubmetr göstərici ilə Avstraliya siyahıda ikinci olub.

Həmçinin raporta görə, Yaponiya və Cənubi Koreya son 1 ildə ən çox LNG idxal edən ölkələrdir. Belə ki, son 1 ildə Yaponiya 108,5 milyard kubmetr, Cənubi Koreya isə 43,9 milyard kubmetr həcmində LNG idxal edib.

Həmidağa Məcidov, “İki sahil”