Fransanın “Total” enerji şirkəti İranda yeni təbii qaz yatağının istismara verilməsi üçün fəaliyyətə başlayacağını açıqlayıb. Şirkətin rəsmi məlumatına görə, yeni təbii qaz yatağının qurulması istiqamətində işlər bu ilin yay aylarında başlayacaq. “Total”ın prezidenti Patrick Pouyanne “Reuters” agentliyinə açıqlamasında ABŞ-ın 2015-ci ildən bəri İrana qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmasının ardından ilkin mərhələdə İrana 1 milyard dollar investisiya yatıracaqlarını bildirib.
P.Pouyanne mətbuata açıqlamasında İranda yeni yatağın istismara verilməsi üçün risk etməyə hazır olduqlarını xüsusi qeyd edib: “Bazar iqtisadiyyatı rəqabətində 1 milyard dollar dəyərində risk etməyə dəyər. Bu addımı atan zaman İrana qarşı sanksiyaların yumşaldılması amilini nəzərə almışıq”.
“Total”ın maliyyə vəsaiti ayıracağı “Cənubi Pars” hövzəsindəki 6 qaz yatağında qazıntı işlərinə ilk dəfə 1990-cı illərdə başlanılıb. “Total” İranın nüvə fəaliyyətini davam etdirdiyi şübhəsi ilə 2006-cı ildə beynəlxalq sanksiyalar başlayana qədər bu ölkənin enerji sektoruna ən çox investisiya yatıran şirkətlərdən biri idi. Qərb dövlətlərinin rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsinin ardından şirkətin İrandakı layihələri dondurulmuşdu.
Pouyanne İran ilə yeni razılaşmanın öncəki müqavilələrdən fərqli olduğunu qeyd edib. O bildirib ki, layihənin həyata keçirilməsində iştirak edəcək enerji şirkətlərinə birbaşa ödəniş yerinə hasilatın müəyyən faizi həcmində məbləğ ödəniləcək. İran dövləti ilə “Total” şirkəti arasındakı ikitərəfli müqavilələrin 7-8 il əvəzinə 20 il müddətinə nəzərdə tutulduğunu qeyd edən Patrick Pouyanne “Cənubi Pars” yatağına ayırdıqları investisiyaların müsbət nəticə verəcəyinə inandıqlarını qeyd edib.
Xatırladaq ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar İranın hələ də dollarla ticarət həyata keçirməsini qadağan etdiyi üçün “Total” sözügedən layihəni alternativ mənbələr hesabına avro vasitəsilə maliyyələşdirəcək.
Həmidağa Məcidov, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb