22 iyun 2017 23:55
333

OPEC-in birjalarda sabitlik yaratması üçün 3 ay vaxtı var

Hazırda Körfəz ölkələri arasında yaşanan problemlər və Liviyanın gündəlik neft hasilatını kəskin şəkildə artırması ilə “qara qızıl” bazarında durğunluq müşahidə edilməkdədir. Yaxın Şərq regionundakı gərginlikdə baş rolda çıxış edən  ölkələrin və son bir həftədə gündəlik hasilatı kəskin şəkildə artıran Liviyanın Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olması Vyana sazişini təhlükə altına atıb. “Saxo Bank”ın analitiklər qrupunun proqnozuna görə, OPEC-in dünya neft birjalarında yenidən sabitlik yaratması üçün iyul ayından başlayaraq 3 aylıq müddəti var.

Bankın əmtəə bazarları üzrə müdiri Ole Sloth Hansen bildirib ki, neftə olan tələbatda artımın gözlənildiyi üçüncü rübdə OPEC-in hasilatı azaltması dünya birjalarında “qara qızıl”ın qiymətinin sabitləşməsi üçün son şans ola bilər. Hansen qeyd edib ki, bunun baş verməsi üçün kartelə üzv ölkələrin neft hasilatını üzərlərinə götürdükləri səviyyədə saxlaması ilə bərabər enerji bazarlarında böyük həcmli ehtiyatlara sahib ABŞ-ın “qara qızıl” ixracatını azaltması lazımdır.

Bankın müdiri mətbuata verdiyi açıqlamada qeyd edib ki, OPEC və kartelə üzv olmayan ölkələrin Vyana samitində üzərinə düşən kvotaya əməl etməsi və sazişdən kənarda qalan ölkələrin də hasilatı azatlması ilə hazırda London və Nyu-York birjalarında müşahidə olunan  aşağı göstəricilər 20% yüksələrək təxminən 55 dollar səviyyəsinə qalxa bilər. OPEC üzvləri arasındakı narazılıqların aradan qalxması üçün karteldə ikinci ən böyük hasilat payına sahib İraqın üzərinə düşən hasilatın azaldılması kvotasına tam əməl etməsi lazımdır. Hansen bildirib ki, İraqın gündəlik hasilatı normadan artıq olarsa və ABŞ-ın birjalardakı rekord həcmli “qara qızıl” ehtiyatları azalmazsa, cari ilin sonuna kimi neftin qiyməti 40 dollar səviyyəsinə qədər geriləyə bilər.

“Seaport Global” Maliyyə Araşdırmalar Mərkəzi isə neftin qiymətinin 40 dollar səviyyəsində qalması təqdirində, dünya birjalarında sabitliyin yaranacağı fikrindədirlər. Mərkəzin baş analitiki Mike Kelly mətbuata açıqlamasında bildirib ki, 40 dollar səviyyəsindəki qiymətlər birjalarda uzunmüddətli sabitlik yaradacaq. Bu vəziyyət davam etdiyi halda, 2018-ci ildə birjalarda neftə olan tələb təklifi gündəlik 2,2 milyon barelə qədər üstələyəcək.

“Seaport Global”ın birjalarda balans yaratmaq üçün neftin qiymətinin düşməsinin vacib olduğu bildirilən açıqlamasında 2018-ci ilin ilk yarısında “qara qızıl”ın 1 barelinin ortalama qiyməti 35 dollar səviyyəsində proqnozlaşdırılıb.

Həmidağa Məcidov, “İki sahil”