Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) rəsmi nümayəndələri mətbuata açıqlamalarında gələn ay Rusiyada baş tutacaq ortaq sammiti dəyərləndiriblər. Onlar bildiriblər ki, Rusiyada baş tutacaq sammitdə birjalarda sabitlik yaradılması üçün bir çox addımların atılması mümkün olsa da, OPEC-in gündəlik hasilatı daha da azaltmaq və ya Liviya, Nigeriya kimi bəzi üzv ölkələrin sərbəst kvotasını məhdudlaşdırmaq kimi bir planı yoxdur.
Mayın 25-də OPEC üzvləri və kartelə qeyri-üzv ölkələr mövcud Vyana sazişinin müddətini daha 9 ay uzatmaq istiqamətində razılığa gəlmişdilər. Fəqət hazırda ABŞ və OPEC-ə üzv Nigeriya və Liviyanın hasilatı böyük həcmdə artırması səbəbindən neftin qiymətində kəskin geriləmə müşahidə olunmaqdadır. Ekspertlər bu məsələnin gələn ay Rusiyada baş tutacaq sammitdə əsas müzakirə mövzusu olacağını qeyd edirlər.
Xatırladaq ki, iyulun 24-də baş tutması planlaşdırılan Moskva görüşündə Vyana sazişində müşahidəçi qismində çıxış edən 5 ölkənin nümayəndəsi, OPEC-in baş katibi, Səudiyyə Ərəbistanının neft naziri və digər səlahiyyətli şəxslər yenidən bir araya gələcəklər. Görüşdə Vyana sazişinin detalları müzakirə olunacaq.
Ekspertlər OPEC-in gündəlik hasilatı daha da azaltmaqdansa, Nigeriya və Liviyanın sərbəst hasilat kvotasını məhdudlaşdıracağı qənaətindədirlər. Digər bir versiya isə birjalarda xam neft ehtiyatlarının azaldılmasıdır. Lakin hazırda bu istiqamətdə heç bir müzakirə aparılmayıb. İlkin mərhələdə OPEC üzvləri Nigeriya və Liviyanın sərbəst hasilat kvotasının aradan qaldırılmasını tələb etməsi gözlənilir.
Son zamanlarda kartelə üzv olan ölkələrin neft və energetika nazirlərinin açıqlamalarında OPEC-in gündəlik hasilatı daha azaltmaq üçün tələsmədiyi fikri ön plandadır. İran rəsmisi ötən həftə mətbuata verdiyi açıqlamada hasilatın daha çox azaldılmasını dəyərləndirdiklərini, ancaq hazırkı vəziyyətdə mövcud Vyana sazişi çərçivəsində gerçəkləşdirilən azalmanın təsirlərinin nəzərə alacaqlarını bildirmişdi.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə iyunun 19-da verdiyi açıqlamada birjaların sabitləşmə yolunda irəlilədiyini bildirmişdi. O, daha öncəki açıqlamasında isə Vyana sazişini yenidən müzakirəyə çıxartmağa ehtiyac olmadığını qeyd etmişdi.
Həmidağa Məcidov, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb