Bu gün ölkəmizin Xəzər hövzəsində yerləşən perspektivli yataqlardakı neft-qaz quyularında hasilat uğurla davam edir. Şərəfli və məsuliyyətli peşə sahibi olan neftçilər istənilən hava şəraitində qarşıya qoyulan dövlət tapşırıqlarının vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilməsi üçün var qüvvələri ilə çalışırlar. Bu sırada SOCAR-ın “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) kollektivi öz fəaliyyəti ilə seçilir.
NQÇİ-nin rəisi Xaliq Şəfiyevin sözlərinə görə, 2017-ci ilin yanvar-may aylarında 201118 ton neft və kondensat hasil olunub. Bununla yanaşı, 202476,010 ton neft və kondensat satışı həyata keçirilib. Ötən dövrdə 276305 min kubmetr qaz hasil olunub. Həmçinin 238615,298 min kubmetr qaz satışı həyata keçirilib.
X.Şəfiyev qeyd etdi ki, yanvar-may aylarında 120 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, 210 quyuda texniki tədbir görülüb. Nəticədə 830 tona qarşı, 1000 ton neft hasil olunub. Həmçinin 1 quyuya qarşı, 3 quyuda geoloji tədbir görülüb. Nəticədə 115 tona qarşı, 893 ton neft çıxarılıb. Qeyd edək ki, NQÇİ üzrə 8 quyuda əsaslı təmir, 72 quyuda yeraltı təmir işləri aparılıb. Əsaslı təmirlərdən isə 1677 ton neft alınıb.
NQÇİ-nin istismar etdiyi perspektivli strukturlardan biri “Bulla-dəniz” yatağıdır. Yataq Bakı arxipelaqının şimal hissəsində, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası” yatağından cənub-şərqdə 10 km məsafədə yerləşir. “Bulla-dəniz” strukturu ilk dəfə 1957-ci ildə seysmik-kəşfiyyat işləri nəticəsində aşkar edilib və burada dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanılıb. Mürəkkəb geoloji şəraitlə əlaqədar ilk qazılan quyular başa çatdırılmayıb. Bu quyular müxtəlif dərinliklərdə baş vermiş qəza və mürəkkəbləşmələr nəticəsində ləğv olunub. Yatağın neftlilik-qazlılığı ilk dəfə 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilib. Bu quyuda məhsuldar qatın VII horizontunun 5203-5190 metr hüdudlarında sınaq zamanı gündəlik 200 ton kondensat və 1 milyon kubmetr qaz alınıb. “Bulla-dəniz” yatağında ən yüksək neft-kondensat hasilatı 1980-ci ildə olub. 11 quyu vasitəsilə 1048108 ton neft-kondensat hasil edilib. Ən yüksək qaz hasilatı isə 1982-ci ildə olub. 18 quyu vasitəsilə 4636860 min kubmetr qaz hasil olunub.
Bu il “Bulla-dəniz” yatağında 2 quyunun qazmadan alınması gözlənilir. Belə ki, iyul ayında 6 saylı özüldən (SDÖ-6) 78 saylı quyunun qazmadan alınması planlaşdırılır. Bu quyudan gündəlik 150 ton kondensat və 500 min kubmetr qaz hasil olunacaq. Sentyabr ayında isə 122 saylı özüldən (SDÖ-122) 123 saylı quyunun qazmadan alınması gözlənilir. Quyudan gündəlik 150 ton kondensat və 800 min kubmetr qaz hasil ediləcək. Gələn il bu yataqdan daha 2 quyunun qazmadan alınması nəzərdə tutulur.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, gələn il “Bulla-dəniz” yatağında 12 saylı stasionar dəniz özülünün istifadəyə verilməsi nəzərdə tutulur. Artıq tikinti işlərinə başlanılıb. “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 5 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində yerləşdiriləcək və 5 dayaq blokunun üzərində yığılacaq. İstehsalat və yaşayış sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, 1 helikopter meydançası, 2 minik meydançası, 2 yanalma meydançası, 1 ədəd məişət bloku, eləcə də digər zəruri avadanlıqla təchiz ediləcək. Ümumi sahəsi 4890 kvadratmetr olacaq özüldə 1 ədəd qülləaltı postament, 2 piyada körpüsü də inşa olunacaq. Hazırda özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb.
Qeyd edək ki, ötən il “Bulla-dəniz” yatağında yeni 6 saylı stasionar dəniz özülü istismara verilib.
Nail Rəhimzadə, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb