03 iyul 2017 20:07
835

Müsabiqə qalibləri ilə görüş keçirilib

Bu günlərdə İnsan Resursları Departamentində test imtahanı və müsahibə (peşə sınaq imtahanı) mərhələsindən uğurla keçərək SOCAR-da işləmək hüququ əldə etmiş 36 nəfər yeni əməkdaşla görüş keçirilmişdir.Görüş zamanı SOCAR-da işə qəbul müsabiqəsinin şəffaf, sağlam rəqabət mühitində keçdiyi bir daha vurğulanmışdır. Bildirilmişdir ki, müsabiqədə iştirak üçün elektron qaydada müraciət etmiş 1603 nəfərin sənədləri ilkin seçim çərçivəsində nəzərdən keçirilmiş, onlardan 1432 nəfər tələblərə uyğun hesab olunmuş və test imtahanında iştirak etmək hüququ qazanmışdır. Test imtahanı mərhələsində 1021 nəfər iştirak etmiş, onlardan 225 nəfəri müvafiq keçid balını toplamaqla müsabiqənin yekun mərhələsinə buraxılmışdır. Yüksək rəqabət şəraitində keçmiş yekun mərhələdə namizədlərin vakansiyanın tələblərinə uyğun sahə üzrə nəzəri və praktiki bilik, bacarıqları yoxlanılmış, nəticədə 36 nəfər işə qəbul müsabiqəsinin qalibi seçilmiş, 19 nəfər isə SOCAR-ın Kadr ehtiyatı bazasına daxil edilmişdir. 


Xatırladaq ki, SOCAR-da işə qəbul olunmaq istəyən şəxslər şirkətin rəsmi veb-səhifəsində uyğun vakansiyalara müraciət etməklə, hər kəs üçün yaradılmış bərabər şəraitdən və rəqabət mühitindən yararlanaraq müsabiqələrdə iştirak etmək hüququna malikdirlər.