Böyük Britaniyanın BP şirkəti 2017-ci ilin ikinci yarısı üçün kəşfiyyat və hasilatla bağlı planlarını açıqlayıb. Şirkət ilk növbədə, kəşfiyyat portfilinin təbii qaza fokuslanacağını vurğulayıb.
BP, həmçinin yeni faktiki hasilat regionları axtarışında olduğunu, rəqabətə davamsız bir sıra kəşfiyyat sahələrini tərk edəcəyini və yeni imkanları araşdırdığını açıqlayıb.
“Biz yeni strategiyamızı müəyyənləşdirərkən şəriklərimizin də mənafeyinin maksimum şəkildə qorunmasına nəzarət edəcəyik”, - deyə şirkətin qazma işləri və kəşfiyyat üzrə baş icraçı direktoru Bernard Luni bildirib.
Portfilinin yenilənməsi zamanı BP Cənubi Anqolanın 24/11 ofşor blokundan imtina etməyi nəzərdə tutub. Qeyd edək ki, 2014-cü ildə imza atılmış “Katambi” kəşfinin kommersiya cəhətdən əhəmiyyətsiz olduğu müəyyən edilib.
2016-cı ilin oktyabr ayında şirkət Böyük Avstraliya buxtasında yerləşən dörd blokda kəşfiyyat işlərini davam etdirməyəcəyini açıqlamışdı. Bunun ardından şirkətin şəriki “Statoil” bloklardan ikisini tamamilə aldı və BP ilə müqavilə imzaladı. Hazırda isə BP Avstraliya hökuməti ilə danışıqlar apararaq digər blokları da tərk etmək niyyətindədir. Şirkət bu planın 2017-ci ilin ikinci yarısının gəlirlərinə təsir etməyəcəyini güman edir.
Qeyd etmək lazımdır ki, ümumilikdə BP-nin bu yeni strategiyasının əsasını daha cəzbedici yataqlarda mövqeyini gücləndirmək və tamamlanmamış yataqları tərk etmək təşkil edir.
Xatırladaq ki, BP 2017-ci ilin ilk yarısında dörd yeni kəşfə imza atmışdır. Bunlardan ikisi Trinidadda “Savanna” və “Makadamia” qaz yataqlarıdır. Yataqların yerində ehtiyatları 2 trilyon kubfut həcmində qiymətləndirilir ki, buna əsasən BP-nin orada uzunmüddətli biznes quracağını proqnozlaşdırmaq olar. Üçüncü kəşf Misirdəki “Qattameya” qaz kəşfidir. Bundan başqa, ötən ay BP “Kosmos Energy” şirkəti ilə Seneqalda “Yakaar-1” kəşfiyyat quyusunu qazmaqla böyük qaz kəşfinə imza atdı. Bu kəşfiyyat quyusu Seneqal və Mavritaniyanın ofşor hissəsinin əsas karbohidrogen hövzəsi olduğunu təsdiqlədi.
Yeni qlobal imkanlar axtarışında olan BP bu yaxınlarda Meksika körfəzinin ABŞ-a məxsus hissəsində və Şimal dənizinin Böyük Britaniya hissəsində lisenziyalar qazanıb.
Bundan əlavə, şirkət Kanadada Nyufaundlend ərazisində və Meksikada yeni kəşfiyyat lisenziyaları əldə edib.
Nubar Süleymanova, “İki sahil”
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb