04 iyul 2017 21:14
1633

SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib

SOCAR və Almaniyanın UniPer şirkəti arasında 19 sentyabr 2013-cü il tarixli Əməkdaşlıq Sazişinə əsasən mühəndislər, gənc mütəxəssislər arasında təcrübə mübadilələri aparılır, bir sıra digər layihə və proqramlar həyata keçirilir, işgüzar görüşlər təşkil olunur.Bu proqramlardan biri də SOCAR və UniPer əməkdaşlarının övladları üçün Almaniya və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. 2014-cü ildən etibarən keçirilmiş müsabiqələr əsasında SOCAR əməkdaşlarının övladları hər il Almaniyaya səfər etmiş, müxtəlif şəhərlərdə bu ölkənin tarixi, mədəniyyəti və görməli yerləri ilə tanış olmuşlar. Bu il də SOCAR əməkdaşlarının övladları arasında müvafiq müsabiqə təşkil edilmiş və müsabiqədən uğurla keçən 22 şagird 18 iyun-02 iyul tarixlərində Almaniya Yay Düşərgəsi Proqramında iştirak etmişdir. Proqram çərçivəsində şagirdlər Almaniyanın 10 şəhərində olmuş, onlar üçün Alp dağlarının ətəklərində, Köniqsii gölü boyunca gəzinti keçirilmiş, Allianz Arena stadionuna, Bavariya Filmştat Mərkəzinə, “Alte Pinakotek” rəsm muzeyinə, məşhur Noyşvanştayn qalasına, Düsseldorf teleqülləsinə, Köln şokolad muzeyinə, Elm və texnologiya muzeyinə, BMW muzeyinə, UniPer şirkətinə turlar təşkil olunmuşdur. 

“UniPer” şirkətinin rəhbər nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsi məqsədilə 22-27 iyun tarixlərində Almaniyaya ezam olunmuş SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bir sıra görüşlər keçirmiş və həmin görüşlərdə SOCAR və UniPer arasında 2017-2018-ci illərdə həyata keçirilməsi nəzərdə tutulmuş layihələr müzakirə olunmuşdur. Səfər zamanı Asif Bəkirli “Yay düşərgəsi” layihəsinin iştirakçıları ilə görüşmüş, uşaqların qalma və qidalanma şəraiti ilə yaxından tanış olmuş, eləcə də bilik və idman yarışlarının qaliblərinə sertifikatların təqdim olunması mərasimində iştirak etmişdir. Sözügedən layihənin davamı olaraq Almaniyanın UniPer şirkətinin əməkdaşlarının 20 nəfər övladı 17-31 iyul tarixləri arasında sayca 3-cü olan Azərbaycan Yay Düşərgəsi Proqramında iştirak edəcəklər.