04 iyul 2017 22:04
447

AzTU-da “Ustadlıq Mərkəzi” istifadəyə verilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə peşəkar bakalavr-magistr hazırlığı” - TEMPUS layihəsi çərçivəsində “Ustadlıq Mərkəzi” fəaliyyətə başlayıb. 

AzTU-dan “İki sahil”ə verilən məlumata görə, universitetin rektor əvəzi Xalıq Yahudov layihənin icrasının əsas məqsədinin Avropa təhsil sisteminə uyğun dərsliklərin təşkili, müəllim-işçi heyətinin təkmilləşdirilməsi və nəticədə otelçilik menecmenti ixtisası üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin müasir tələblərə cavab verən kadr kimi yetişdirilməsi olduğunu deyib. Xalıq Yahudov “Ustadlıq Mərkəzi”nin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin praktik vərdişlərə yiyələnmələri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Layihənin regional direktoru, AzTU-nun kafedra müdiri Həsən Hüseynov isə çıxışında görülən işlərdən danışıb. H.Hüseynov bildirib ki, layihə çərçivəsində davamlı inkişaf proqramı hazırlanıb. Proqrama əsasən Otelçilik menecmenti üzrə 1 bakalavriat və 2 peşə magistraturasının yaradılması, 7 müəllimin təkmilləşdirilməsi və 200 tələbənin yeni proqram üzrə hazırlanması, məzunların işlə təminatının yaxşılaşdırılması, 30 peşə analitikinin hazırlanması və həmçinin 2 “Ustadlıq Mərkəzi”nin yaradılması spesifik məqsədlərdən olub. Dörd il müddətində bu hədəflərdən böyük əksəriyyətinə nail olunduğunu bildirən regional koordinator layihənin ölkə turizminin inkişafına böyük töhfə verəcəyini qeyd edib.

Mərkəzin açılış mərasimində iştirak edən qonaqlar - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, AMEA-nın müxbir üzvi Əli Nuriyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Mərkəzinin Baş direktoru Rəsul Balayev və digər çıxış edənlər də TEMPUS layihəsinin, eləcə də yeni istifadəyə verilən mərkəzin əhəmiyyətindən danışıblar.