Azərbaycan Respublikası ərazisində təbii qazın paylanması və satışını həyata keçirən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) müştərilərə xidmət səviyyəsini yüksəltmək, kommunikasiyanı səmərəliləşdirmək üçün əlaqə vasitələrini inkişaf etdirməkdə davam edir. “Azəriqaz” İB xüsusilə əhali kateqoriyasından olan müştərilərlə davamlı və çoxşaxəli məlumat mübadiləsinə olan ehtiyacını nəzərə alaraq, son illərdə özünə aid müxtəlif kommunikasiya vasitələrini tətbiq edib.
“Azəriqaz” İB-nin özünə aid kommunikasiya vasitələrindən istifadə etməsi sayəsində əhalidən gələn müraciətlər ünvanlı şəkildə daxil olur, buna görə də onların icrası qısa müddətdə aidiyyəti əməkdaşlara tapşırılır. Bununla da daxil olan müraciətlərin daha operativ işlənilməsi, yaranan problemlərin daha tez həll edilməsi üçün şərait yaradılıb.
“ASAN xidmət” Mərkəzlərində müştərilərinə 17 növdə xidmət göstərən İB bu ildən etibarən “ASAN kommunal” mərkəzlərində də fəaliyyətə başlayıb. Yalnız “ASAN Kommunal” və “ASAN xidmət” Mərkəzlərinin vasitəsilə cari ilin ilk yarısında, ümumilikdə, 57.883 müştəri “Azəriqaz” İB-nin xidmətlərindən faydalanıb. Bununla yanaşı, müştərilərlə əlaqələrin gücləndirilməsi, onlara məlumatların operativ çatdırılması məqsədilə www.azeriqaz.az saytı, eyni zamanda, Birliyin “Facebook” səhifəsi də fəaliyyətini davam etdirir.
Beləliklə, “Azəriqaz” İB-nin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranmışdır. “Azəriqaz” İB-nin kommunikasiyasını fərqləndirəcək loqotipin yaradılması da daxil olmaqla, korporativ üslubun tərtib olunması bu istiqamətdə atılan ilk addımlardandır. Qeyd edək ki, vahid korporativ üslub “Azəriqaz” İB-nin hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq.
Müştəri məmnuniyyətini daim ön planda tutan “Azəriqaz” istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abonentlərin fasiləsiz, keyfiyyətli təbii qazla təmin olunmaları məqsədilə bundan sonra da müştərilərlə əlaqə vasitələrini inkişaf etdirməyə davam edəcək.
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb