21 iyul 2017 23:52
447

TANAP-a 8,5 milyard dollar məbləğində investisiya yatırılıb

Nəhəng regional və qlobal layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi ilə uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” enerji mənbələrinin, təchizatının şaxələndirilməsi, yanacaq-nergetika infrastrukturunun möhkəmləndirilməsi baxımından Avropanın enerji xəritəsində yeni səhifələr açıb. 2013-cü ilin dekabr ayında Bakıda dünyanın aparıcı neft-qaz şirkətləri və Avropanın bir sıra ölkələri ilə  “Şahdəniz-2” layihəsi üzrə təbii qazın istehsalı, bölüşdürülməsi və ixracı üzrə yekun investisiya qərarının imzalanması regional əməkdaşlığın daha da möhkəmləndirilməsinə ciddi təkan verilib. Xəzər hövzəsindən neftin və qazın dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsi Qərbin geosiyasi maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyindən XXI əsrin bu nəhəng layihəsinə ABŞ və Avropa ölkələri, eləcə də nüfuzlu beynəlxalq maliyyə qurumları güclü  dəstək verirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında  bütün ölkələrin, Avropa Komissiyasının, Amerikanın, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri öz iştirakları ilə bir daha bu layihəyə dəstəklərini göstərmiş oldular: “Məşvərət Şurasının yekunu olaraq qətnamə qəbul edildi. Bu qətnamədə yenə də ölkəmizin liderlik rolu qeyd edilir. “Cənub Qaz Dəhlizi”nin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük. Yadımdadır, o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar. Buna müəyyən dərəcədə nail oldular. Yadımdadır, o vaxt hətta bəzi beynəlxalq maliyyə qurumları da kreditləşməni bir qədər yubatdılar. Ancaq buna baxmayaraq, Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə açıldı. Bu gün də bəzi dairələr, bəzi kənar qüvvələr çalışırlar ki, yenə də ekoloji bəhanələr gətirərək “Cənub Qaz Dəhlizi”nin bəzi seqmentlərində işləri yubatsınlar. Ancaq bunun heç bir əsası yoxdur. Bu, sadəcə olaraq bir bəhanədir. Bütün ekoloji normalar gözlənilir, bütün məsələlər razılaşdırılıb. Tezliklə “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev də bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən onun komponentləri olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli layihələrdir. TANAP-ın tikintisinin sürətlə davam etdiyini bildirən SOCAR prezidenti qeyd edib ki, layihənin uğurunun təməlində Azərbaycanla Türkiyə arasında qurulan sağlam münasibətlər dayanır: “Hazırda TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb. Bildiyimiz kimi, ilkin mərhələdə bu kəmər vasitəsilə 2018-ci ilin ikinci yarısından etibarən Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. İkinci mərhələdə bu kəmər vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixrac ediləcək. Biz ikinci mərhələyə 2019-cu ildən hazır olacağıq, lakin Avropanın hazır olması üçün 2020-ci ili gözləmək lazımdır. Sevindiricidir ki, Türkiyə hökuməti bu layihəyə böyük dəstək verir. Bunun hesabına biz layihəni reallaşdırılmasında qrafiki qabaqlayırıq”. R.Abdullayev sözlərinə görə, indiyədək TANAP-a 8,5 mlrd. dollar məbləğində investisiya yatırılıb.

Zahid Rza, “İki sahil”