Bu il Xəzər texniki konfransı və sərgisi Bakıya qayıdır. Regionun neft-qaz sahəsinin bu ən mühüm tədbirində iştirak etmək vacibdir. Bu, peşəkar təcrübə və ən yaxşı praktikanın mübadiləsi üçün ideal platformadır və mən tədbirə dəstək verməyi davam etdirirəm.
Xəzər texniki konfransının və SPE sərgisinin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikasının energetika nazirinin müavini Maqzum Mirzaqaliyev söyləyib.
Tədbirin təşkilatçısı olan Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti illik Xəzər texniki konfransına və SPE sərgisinə getmək üçün beş səbəb görür. Təşkilatçılar dünyanın hər yerindən Xəzər regionunda neft-qaz məsələləri üzrə mühüm problemləri araşdıran peşəkarları bir araya gətirən bu konfransı ən böyük texniki neft-qaz tədbiri adlandıraraq, ona qoşulmağa çağırırlar.
Konfransda neft-qaz sənayesi üzrə tanınmış mütəxəssislərin, o cümlədən SOCAR, BP, “Total”, “DeGolyer & MacNaughton”, “Gazprom Neft NTC”, “PJSC Novatek”, “Dragon Oil”, “KazMunaiGaz”, “TengizChevroil”, “Schlumberger”, “Halliburton” və “Baker Hughes” şirkətlərinin, Qazaxıstan Respublikası Energetika Nazirlyinin təmsilçilərinin məruzələri dinləniləcək.
Konfransda mühüm panel sessiyalar olacaq. Bu sıradan modernləşdirmə sessiyasını (moderatorlar - Brent Xasebo (BP) və İlkam Muxametşin (“RESMAN”), lokallaşdırma sessiyasını (moderatorlar - Asif Hüseynli (“Halliburton”), Aydın Kərimov (“Schlumberger”) və Yaşar Lətifov), əməkdaşlıq sessiyasını (moderatorlar - Con Denis (“KMG”) və Denis Lemarşel (“Total”) qeyd etmək olar.
Konfransın zəngin texniki proqramına, həmçinin tədqiqatların təqdimatı, bilik, ən yaxşı praktika və təcrübə mübadiləsi daxildir.