Ölkədə fındıqçılıq sahəsinin sürətli inkişafı ilə bağlı regionlarda yeni salınacaq fındıq bağları üçün müvafiq ərazilər müəyyən edilib, ting tədarükünə, əkin işlərinin təşkilinə kömək göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumlara müvafiq göstərişlər verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55,1 min hektara çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı hesabatda bildirilir ki, altı ayda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi-Təcrübə Bazasında 2 hektar və Zaqatala Dayaq Məntəqəsində 0,5 hektar sahədə fındıq tingliyi yaradılıb.