Azərbaycan iqtisadiyyatının sürətli inkişafında türkiyəli iş adamları da müəyyən pay sahibidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) növbəti ümumi yığıncağında deyib.
"2017-ci ilin göstəricilərinə əsasən demək olar ki, Azərbaycan bir çox çətinlikləri dəf edib və uğurla irəliləyir. İnanıram ki, Azərbaycanın bu uğuru 2018-ci ildə də davam edəcək", - deyə səfir qeyd edib.
TÜİB-in sədri Ali İhsan Genç qurumun ötən ayları əhatə edən fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. TÜİB sədri çıxışında qurumun tərkibindəki biznes quruluşlarının fəaliyyəti haqqında ətraflı danışaraq, Azərbaycan iqtisadiyyatının inkişafına bundan sonra da töhfə verməyə hazır olduqlarını deyib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Vergilər Nazirliyinin departament rəhbəri Şamil Ərəbov, Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi İsmayıl Abdullayev, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova və digərləri çıxış edərək, təmsil etdikləri qurumlarla TÜİB arasında qurulmuş əməkdaşlıq haqqında geniş məlumat veriblər.
Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Səsvermənin nəticələrinə əsasən, "Büyükfırat Group"un rəhbəri Hüseyn Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və Mərkəzi-Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Hüseyn Büyükfırat TÜİB-in gələcək fəaliyyətində də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlığına layiq bir qurum olacağını bildirib.