09 oktyabr 2017 21:03
522

Füzulidə becərilən pomidor Rusiyaya ixrac olunacaq

Füzuli rayonunda istixana kompleksində istehsal edilən pomidor daxili bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunacaq.

AZƏRTAC xəbər verir ki, “LBL Qrup” MMC tərəfindən yaradılan kompleksin ümumi ərazisi 16, istixana təsərrüfatının sahəsi isə 2 hektardır. Kompleksdə əsasən yerli istehsal olan müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 40 məcburi köçkün daimi işlə təmin edilib.

Fermer Faiq Məmmədov bildirib ki, yazda becərilən xiyarın yığımı iyulun sonunadək başa çatıb və 280 ton məhsul əldə olunub. Avqust ayında isə həmin yerə pomidor bitkisi əkilib. Becərmə aqrotexniki qaydada həyata keçirilib. Bitkilərin tozlanması üçün xüsusi arı növündən istifadə edilir. Bir həftədən sonra məhsul yığımına başlanılacaq. İstixanadan 200 tondan çox pomidor istehsal edilməsi proqnozlaşdırılır. Məhsul ölkə bazarlarına çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

Faiq Məmmədov qeyd edib ki, təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, ərazidə 2 su anbarı tikilib, daha 2 hektar ərazidə istixananın qurulması başa çatıb. Noyabrın 1-dən burada xiyar əkiləcək. Məhsulun paketlənməsi anbarının inşası isə davam etdirilir. Ümumilikdə istixananın sahəsinin 10 hektara, işçilərin sayının isə 200-ə çatdırılması nəzərdə tutulur.