Keçən il sentyabrın 14-də ölkə Prezidenti İlham Əliyevin Bakının Pirallahı rayonu ərazisində Sənaye Parkının yaradılması haqqında imzaladığı Sərəncama uyğun olaraq, yeni parkın salınması üçün hazırlıq işlərinə başlanılıb. Həmin parkın salınması ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur obyektləri və kommunikasiya sistemi yaradılacaq və digər xidmətlər göstəriləcək.
Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulur. Yeni parkda “Həyat Farm” MMC tərəfindən 300 adda, birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulur. Parkının yeni rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır. Həmin müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Ölkəmizdə istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də nəzərdə tutulur.
Sənaye Parkının inşası üçün ilkin hazırlıq işləri gedir. Hazırda ərazidə təmizlik və planlaşdırma işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi üçün müvafiq tədbirlər görülür. Tezliklə tikinti işlərinə start veriləcək.