Estoniyanın paytaxtı Tallinn şəhərində Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, memorandumun əsas məqsədi Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı”ndan irəli gələn məsələləri təmin edilməsinə töhfə verməkdən ibarətdir. Xüsusilə Estoniyanın Avropa İttifaqında prezidentliyi dövründə belə bir müqavilənin imzalanması bu təşkilatla Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.
Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı anlaşma memorandumunun imzalanması ilə bağlı bildirib ki, Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə birgə fəaliyyət planının işlənməsi haqqında razılığa gəlinib. O əlavə edib ki, bu fəaliyyət planı çərçivəsində Avropa İttifaqı, Avrasiya İttifaqı, Körfəz ölkələri, Çin, GUAM formatı çərçivəsində Rəqəmsal Ticarət Qovşağının inkişafı ilə bağlı görüləcək işlər nəzərdə tutulub. Vüsal Qasımlı vurğulayıb ki, hazırda Avropa İttifaqının strukturları, xüsusən də qurumun indiki prezidenti olan Estoniya hökuməti Rəqəmsal Ticarət Qovşağının inkişafına xüsusi maraq göstərir.
İmzalanma mərasimindən sonra Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzinin rəhbəri Jaan Reinhold qeyd edib ki, Azərbaycan Şərq tərəfdaşlığı ölkələrinə rəqəmsal iqtisadiyyatın inkişafı nöqteyi-nəzərindən bir nümunə ola bilər. Xüsusən Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, “Azexport” portalının nümunəsini Şərq Tərəfdaşlığı ölkələri arasında yaymaq məqsədəuyğundur. Jaan Reinholdun qənaətinə görə, Azərbaycan Avrasiyanın mərkəzində əgər əvvəllər nəqliyyat, logistika, enerji layihələrinin qovşağına çevrilmişdisə, indi də rəqəmsal iqtisadiyyatın qovşağına çevrilmə imkanlarına malikdir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.