Azərbaycan və İran gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirə oktyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Azərbaycanda səfərdə olan İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşündə aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri Aydın Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlən¬diril¬məsi və davamlı inkişafına töhfə verdiyini qeyd edərək istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb. DGK sədri A.Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən komitə sədri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar iranlı iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər. Artıq bu istiqamətdə müəyyən addımların atıldığını sevindirici hal kimi dəyərləndirən DGK sədri Aydın Əliyev iranlı iş adamlarının bu fəaliyyətinin davamlı olacağına ümidvar olduğunu bildirib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Məsud Kərbasian ölkəmizə səfərindən İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu, bütün sahələrdə, o cümlədən gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin vacibliyini diqqətə çatdırıb. M.Kərbasian Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, gömrük sferasında həyata keçirilən son islahatlar və əldə edilən uğurlardan məmnunluqla söhbət açıb və bu kimi tədbirlərin iqtisadi və ticari əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunan Məsud Kərbasian gələcəkdə bu təklifin reallaşacağına ümid etdiyini bildirib. İranlı nazir, eyni zamanda, Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, görüşdə gələn həftə Kolumbiyanın Kartagena şəhərində gömrük məsələlərinə dair gerçəkləşəcək beynəlxalq tədbirlərlə, Ümumdünya Gömrük Təşkilatı baş katibi və müavinləri vəzifəsinə keçiriləcək seçkilərlə, eləcə də noyabr ayında Pakistanın paytaxtı İslamabadda baş tutacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin iclasında müzakirə ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak edib.