“Bloomberg” Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən yazıb

30 oktyabr 2017 18:25
370

Bu gün, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun açılışı olacaq. “Bloomberg” nəşrində bu hadisəyə həsr edilmiş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Asiya ilə Avropa arasında yüklərin daşınması vaxtının qısaldılması nəzərdə tutulan marşrut barədə məlumat verilib. Qeyd olunur ki, Ələt limanından ilk qatarın yola düşməsi münasibətilə təşkil olunan açılış mərasimində Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və gürcü lideri Georgi Marqvelaşvilini qəbul edəcək. Məqalədə vurğulanır ki, Bakını Tbilisi və Qarsla birləşdirən 826 kilometrlik dəmir yolu Çindən Avropaya yüklərin 12-15 gün ərzində çatdırılmasına kömək edəcək.

Bakı-Tbilisi-Qars xətti Rusiya və İran ərazisindən keçən mövcud marşrutların rəqabətqabiliyyətli alternativi, həmçinin dəniz daşımaları ilə müqayisədə daha sürətli marşrut olacaq.