Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 28-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşdirilməyə çıxarılan 158 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 64-ü kiçik dövlət müəssisə və obyekti, 63-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyət, 8-i isə nəqliyyat vasitəsidir.
Komitədən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Yevlax Kəndkimya Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Neftçala Ət”, “Port İliç Xidmət“, “Şıxlar Broyler”, “Mingəçevir Qum-Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Kəndkimya Təchizat” ASC-dir. Bu əmlakın səhminin 30 faizi 111 min manata yaxındır. Bundan başqa qiyməti ilə digərlərindən fərqlənən əmlak “Şıxlar Broyler” ASC-dir. Həmin əmlakın 30 faiz səhmi isə 41 min manata yaxın təklif olunur.
Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Göygöl, İmişli, Cəlilabad, Lerik, Oğuz, Qax və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 21 kvadratmetr ilə 3000 kvadratmetr arasında dəyişir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Gəncə, Şəmkir, İmişli, Tovuz, Xaçmaz, Şamaxı və digər bölgələrdə yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialı, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, Qoxmuq istirahət zonası kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən Beton və məhlul istehsal edən sahəni nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 385 kvadratmetrə yaxındır.
Bundan başqa, Sumqayıt şəhərində yerləşən “Laçın” restoranı da xidmət sahəsində investorlar üçün gəlirli obyektdir. Bu əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 56-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Prosesdə “Nissan Maxima”, “Mitsubishi Pajero”, “KIA RIO” kimi avtomobillər sahibini axtarır. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 900 manatla 10 min manat arasında dəyişir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edək ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirilmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirilmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə portalda sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.