"Azərbaycan Banklar Assosiasiyası"nın (ABA) rəsmi mətbu orqanı olan "Banklar və biznes" qəzeti Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi ilə "İnformasiyanın iqtisadi gözləntilərə təsiri" adlı seminar keçirib.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, tədbir "Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri" mövzusunda məqalə müsabiqəsi çərçivəsində baş tutub. Seminarda Azərbaycan Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev çıxış edib. Seminar zamanı "İqtisadi informasiya nədir?", "Hansı informasiyalar iqtisadi gözləntilərə təsir edə bilir?", həmçinin "Uçot dərəcəsi nədir və niyə lazımdır?" kimi məsələlərlə bağlı müzakirələr aparılıb.
Elan edilmiş müsabiqə ilə əlaqədar olaraq "Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri" mövzusunda yazılacaq məqalələrə olan tələblər daha geniş formada seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçılar sertifikatlarla təltif edilib.