01 noyabr 2017 16:53
669

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində rəqəmsal ödənişlərlə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Mərkəzi Bank tərəfindən hazırlanan “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsi təşkil edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı nağdsız ödənişlər e-hökumət, e-ticarət və e-bankçılığın inkişafı yolu biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaratdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanlarının mövcudluğu qeyd olunub. Beynəlxalq hesabatlara görə, “dünyanın 100 nağdsız şəhəri” siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə, təxmin edilən ümumi gəlir 1,9 milyard dollar, o cümlədən istehlakçının gəliri 0,1 milyard dollar, biznes gəlirləri 1,4 milyard dollar, hökumətin gəlirləri 0,4 milyard dollar artar. Bu proses nəticəsində 15 il ərzində məşğulluq 3,5 faiz arta bilər.

İİTKM-nin icraçı direktoru deyib ki, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanmasında peşəkar komanda iştirak edib. Layihə ölkədə strateji yol xəritələrinin həyata keçirilməsində və strateji idarəetmənin tətbiqində mühüm rol oynayacaq.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman Mərkəzi Bankın və hökumətin diqqət mərkəzində olduğunu, bu məsələnin hazırda da aktuallığını itirmədiyini vurğulayıb.

A.Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin genişləndirilməsi” istiqamətində konkret tapşırıq verilib. Bu tapşırığa uyğun olaraq, Mərkəzi Bank tərəfindən “MasterCard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillərin müəyyən edilməsi üzrə geniş analitik təhlil və diaqnostika işləri aparılıb. Beynəlxalq təcrübə əsasında hazırlanan təkliflər işçi qrupuna daxil olan aidiyyəti hökumət qurumları, o cümlədən xidmət provayderləri, banklarla, dövlət qurumları ilə müzakirə edilib. Beynəlxalq ekspertlərin təklifləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutu da cəlb edilməklə, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

Proqramın strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan transaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan transaksiya xərclərinin azaldılmasıdır.

“MasterCard Advisors” bölümünün Cənub-Şərqi Avropa üzrə rəhbəri Selin Bahadırlı layihə çərçivəsində rəqəmsal iqtisadiyyatın formalaşdırılması və rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə ölkədə qeyri-neft sektoru üzrə nağd iqtisadiyyatı şərtləndirən amillərin fundamental təhlilinin nəticələri, maliyyə bazarlarının mövcud vəziyyəti, nağdsız hesablaşmaların inkişafına mane olan institusional faktorlar barədə məlumat verib. Qeyd olunub ki, layihənin yekunu kimi hazırlanan dövlət proqramında qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın təşkili də daxil olmaqla dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib .

Geniş müzakirələrdən sonra dövlət proqramının layihəsinin verilən təkliflər və tövsiyələr nəzərə alınmaqla, bir daha yenidən işlənilməsi qərara alınıb. Eyni zamanda, nəzərdə tutulan tədbirlərin icrasına nəzarət, monitorinq və bütövlükdə layihənin idarə edilməsi mexanizmlərinin hazırlanması ilə bağlı təklifləri irəli sürülüb.