Xəzər regionunun neft-qaz sənayesini təmsil edən yüksək vəzifəli rəhbərlər və texniki ekspertlər IV Xəzər Texniki Konfransında və Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) sərgisində iştirak etmək üçün Bakıya toplanıblar.
Konfransın media-tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, SOCAR-ın dəstəyi ilə təşkil olunan tədbirdə neft-qaz sahəsinin Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Avropa, Asiya, ABŞ-dan olan peşəkarları, o cümlədən beynəlxalq və milli neft-qaz şirkətlərinin, hökumət orqanlarının, servis şirkətlərinin, ali məktəblərin, QHT-lərin və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Builki mövzusu “Gəlir axtarışında” adlanan konfrans 3 panel sessiyadan ibarətdir. İştirakçılar Azərbaycanda və Xəzər regionunda kəşfiyyat və hasilat sahəsinin aktual problemlərini, bütövlükdə, bu problemlərin həlli yollarını müzakirə edirlər.
Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) prezidenti Darsi Spedi konfransda çıxış edərək xatırladıb ki, bu, SPE-nin çoxsaylı transmilli enerji layihələrinin iştirakçısı olan Azərbaycanda keçirilən artıq ikinci konfransıdır.
SOCAR-ın birinci vitse-prezidenti, hazırda hökumət nümayəndəliyinin tərkibində xaricdə səfərdə olan Xoşbəxt Yusifzadənin çıxışının mətnini onun müşaviri Ələkbər Abbasov oxuyub. Ə. Abbasov SPE-nin 2015-ci ildə Bakıda keçirilən birinci konfransından sonrakı dövrdə ölkəmizdə energetika sahəsində baş vermiş əsas hadisələr barədə danışıb. O, xüsusi vurğulayıb ki, bu günlərdə Azərbaycanda 2 milyardıncı ton neft hasil olunacaq.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə yataqların işlənilməsi üzrə vitse-prezidenti Brant Xasebe “Azəri”, “Çıraq” yataqlarının və Xəzərin dərinsulu hissəsinin işlənilməsi barədə bu il sentyabrın 14-də imzalanmış yeni “Əsrin müqaviləsi”ni xüsusi qeyd etdi.
Neft-qaz Mühəndisləri Cəmiyyəti (SPE) dünyanın 135 ölkəsində enerji resurslarının işlənilməsi və hasilatı ilə məşğul olan 124 mindən çox üzvünə xidmət göstərir. Cəmiyyətin missiyası ümumi səmərə naminə neft-qaz resurslarının kəşfiyyatı, işlənilməsi və hasilatına aid texniki biliklərin və bu resurslarla bağlı texnologiyaların toplanmasına, yayılmasına və mübadiləsinə, habelə mütəxəssislərin texniki və peşəkar səriştəlilik səviyyəsinin artırılmasına yardım etməkdən ibarətdir.