13 noyabr 2017 20:13
641

AZINNEX Konsorsiumu Azərbaycan innovasiyasının Mərakeş Krallığında tətbiqi imkanlarını müzakirə edib

AZINNEX Konsorsiumu Azərbaycan innovasiyasının Mərakeş Krallığında tətbiqi imkanlarını müzakirə edib.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın innovativ brendlərindən sayılan “ASAN xidmət” və ABAD layihəsi ilə yanaşı, Azərbaycanın innovativ şirkətlərinin nailiyyətləri də təqdim edilib. “Asan İmza” mobil elektron imza, Rəqəmsal Ticarət Qovşağı, “Azexport.az” kimi texnologiyaların tətbiqi imkanları, məhkəmə sistemi üçün innovativ platformalar və bir sıra digər texnologiyalar müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan texnologiyaları artıq dünyanın bir sıra ölkələrində tətbiq edilib və Azərbaycanla Mərakeş Krallığı arasında davamlı ticarət və iqtisadi əlaqələrin qurulması və inkişafında əlaqələndirici ola bilər.

Eyni zamanda, “ASAN xidmət”in təşəbbüsü ilə bu günlərdə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) konsorsiumu da daxil olmaqla Azərbaycanın digər təşəbbüsləri də təqdim edilib. İSESKO-da strateji əməkdaşlığın və İSESKO-ya üzv ölkələrin və Afrika bazarlarına daxil olmağın gələcək perspektivlərinin müzakirəsi zamanı qeyd edilib ki, məhz konsorsium bir sıra ölkələrdə artıq istifadə olunan texnologiyalar da daxil olmaqla, dövlət elektron xidmətlərin inkişafı üçün bu gün innovativ həlləri təqdim edən Azərbaycan şirkətlərinin xaricdə maraqlarını təmsil edəcək.

Qeyd olunub ki, İSESKO üçün xüsusi olaraq işlənib hazırlanan elektron identitet - İSESKO ID əsasında fəaliyyət göstərən və dünya üzrə 52 üzv dövləti birləşdirən bütün sistem üzrə identifikasiyanın yeganə aləti hesab edilən İSESKO BESTDOC PORTAL platforması belə innovasiyaların reallaşdırılmasından biri olub. Bu həll mobil və elektron identitet və imza hesab edilən “Asan İmza” Azərbaycan texnologiyasına əsaslanır. “B.EST Solutions” Azərbaycan şirkətinin operatoru olduğu “Asan İmza” mobil elektron imza xidməti “Made in Azerbaijan” brendi altında fəaliyyət göstərir. Artıq bu gün sənəd dövriyyəsi prosesini sadələşdirmək və təkmilləşdirməyi qarşısına məqsəd qoyan İSESKO BESTDOC PORTAL İSESKO-ya üzv dövlətlərə vahid elektron məkan çərçivəsində qarşılıqlı əlaqə yaratmaq imkanı verir.

Eləcə də Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində transsərhəd elektron xidmətlərin inkişafı üçün İSESKO BESTDOC PORTAL platformasının inkişaf imkanları müzakirə edilib.

Müzakirələrdən biri AZINNEX Konsorsiumu ilə İSESKO arasında birgə əməkdaşlığın inkişafına həsr olunub. Tərəflər bu regionda təhsil, səhiyyə, turizm, maliyyə, dövlət idarəçiliyi, naviqasiya və informasiya təhlükəsizliyi sahəsində Azərbaycanın innovasiyalarının gələcək tətbiqi üçün strateji əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Konsorsiumun Mobile-ID layihəsinin rəhbəri və “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe çıxışında Azərbaycanla İSESKO arasında uzunmüddətli dostluq əlaqələrindən danışıb.