20 noyabr 2017 20:33
635

ADAU-da müsabiqə keçirilib

Bu il Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.

ADAU-nun mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti 7 fevral 2017-ci il tarixdə sərəncam imzalayıb. Sərəncamdan  irəli gələn vəzifələrin icrası olaraq bu günə kimi  təhsil müəssisəsində silsilə tədbirlər həyata keçirilib. Daha bir tədbir isə Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində  tələbələr arasında "Akademik Həsən Əliyev Azərbaycan təbiətinin vurğunudur" adlı inşa-yazı müsabiqəsi olub. Müsabiqədə  100 tələbə iştirak edib.

Müsabiqədən əvvəl Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, fakültə dekanı Məhərrəm İsmayılov akademikin həyatı, fəaliyyəti və elmi araşdırmaları haqqında müsabiqə iştirakçılarını məlumatlandırıb, onlara uğur arzulayıb.

Verilən vaxt ərzində tələbələr fikirlərini tam yekunlaşdırıb, münsiflər heyətinin qərarı ilə 1,2,3-cü yerlər elan edilib, qaliblər mükafatlandırılıb.