18 may 2018 23:00
1178

ÜDM-də 1,2 faiz artım nəyin göstəricisidir?

İqtisadiyyatda mühüm amillərdən biri də milli valyutaya inamın olmasıdır. Manat artıq bir ildən çoxdur ki, sabit kurs nümayiş etdirir. Bu da ölkəmizdə aparılan bir sıra iqtisadi və maliyyə islahatları, o cümlədən dünya bazarlarında neftin qiymətinin sabitləşməsi nəticəsində baş tutub. Bu, həm də ölkənin ixrac potensialının yüksəlməsi nəticəsində əldə olunub. 2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib. Belə ki, 2018-ci ildə xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da artım tempi davam edir.

Bütün bunların nəticəsidir ki, cari ilin ilk dörd ayında ölkəmizin ümumi daxili məhsulunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb.

ÜDM istehsalının 48,4 faizi sənayedə, 9,8 faizi ticarət, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,9 faizi tikintidə, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 14 faizi digər sahələrdə istehsal edilib.

Ümumilikdə, ÜDM-də 1,2 faiz artım nəyin göstəricisidir? Məsələ ondadır ki, Azərbaycanın istehlak bazarında canlanma müşahidə olunur. Bunun da bir neçə səbəbi var. Birincisi, ona görə ki, milli iqtisadiyyatda dayanıqlı inkişaf özünü göstərir. Manatın kursunun sabit qalması və müəyyən iqtisadi gözləntilərin özünü doğrultması ÜDM-nin artmasına öz təsirini göstərir. Yəni görünən odur ki, artıq ölkə iqtisadiyyatında müsbət dinamika müxtəlif sferalarda özünü büruzə verir. Bir məqamı da nəzərə almaq lazımdır ki, üzü yaya doğru istehlak bazarı daha da zənginləşir. Bu da öz növbəsində özünü bu sahədə artımın baş verməsində göstərir. Digər tərəfdən, həyata keçirilən proqram və layihələr də ÜDM-nin artımına müsbət şərait yaradır. Nəzərə almaq lazımdır ki, dövlət sifarişi ilə həyata keçirilən layihələrin bu məsələdə əhəmiyyəti böyükdür. Çünki dövlətin əsasən qeyri-neft sektoruna qoyduğu investisiyalar hazırda özünü daha qabarıq formada göstərir. Bu o deməkdir ki, artıq iqtisadiyyatın müxtəlif sahələrində yüksək nəticələr əldə olunur. Reallıq ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Dünya bazarında neftin qiymətinin bahalaşması da bütün bunlara öz müsbət təsirini göstərən amillər sırasındadır.

Cavid Əkbərov, “İki sahil”