07 yanvar 2019 10:23
2492

“Ailə tariximdə, ömür kitabımda silinib atılası səhifəm yoxdur” FOTO, VİDEO

İkisahil.TV-nin efirində yayımlanan “Bizimlə həmsöhbət” verilişinin budəfəki qonağı tanınmış telejurnalist Etibar Babayevdir


- Etibar müəllim, söhbətimizə giriş olaraq həyat tarixçənizə sizin rakursunuzdan baxmaq istərdik...

- Həyat tarixçəmdən başlasam onda gərək xeyli keçmişə qayıdaq. Bilmirəm bunu dinləməyə səbriniz çatacaq, ya yox?

- Bəzən keçmişə qayıtmaq lazımdır...

- Düzdür, bəzən keçmişə qayıtmaq lazımdır. Amma keçmişlə yaşamaq olmaz. Həmişə gələcəyi görmək və gələcəyə köklənmək lazımdır. Keçmişdə olanlardan isə ibrət almaq lazımdır. Çünki tarix ibrət alanlar üçün dərsdir. İbrət almayanlar üçün sadəcə tarix vərəqlənir. Ondan nəticə çıxarmayanlar isə gələcəyə gedərkən daha böyük səhvlərə uğraya bilərlər.

Mənim dünyaya gəlməyim çox qəribə bir dövrə təsadüf edib. Ölkəmiz Sovet hakimiyyətinin təsiri altında idi. Mən 1950-ci ilin sonunda yeni il ərəfəsində dünyaya göz açmışam. Həmin ərəfələrdə ölkə Böyük Vətən müharibəsindən yenicə çıxmışdı. Evinə sağ-salamat  qayıdanlar da vardı. Övlad əvəzinə qara kağız alan ailələlərin də sayı-hesabı yox idi. Qələbə ilə sonuclanan müharibə çox böyük qanlar, qurbanlar  bahasına başa gəlmişdi. Sovet ordusunun bir çox döyüşçüləri hələ 50-ci ilə qədər də azad olunmuş Avropa ölkələrində hərbi xidmətlərini davam etdirirdilər. Həmin ərəfələrdə özü sağ olub ordudan qayıtmayanlar da var idi. Xalqın kədəri bununla bitmirdi. Həmin zamanlar başqa bir dərd də var idi. Sovet hakimiyyəti dildə deyildiyi kimi, bərabərlik şüarları, fəhlələrə zavodlar, kəndlilərə torpaqlar verməklə yanaşı, başqa ağrı-acılar da vermişdi. Respublikaların hamısında bir çox sıxıntılar yaşanırdı. Xalqların milli ruhlarını əzmək, adət-ənənələrini məhv etmək üçün kütləvi repressiyalara əl atırdılar. Ölkəmizdə bu repressiyalar 1930-37-ci illərdən deyil, əslində 1920-ci illərdən başlamışdı. 1937-ci il isə onun pik mərhələsi olmuşdu. Sonra Böyük Vətən müharibəsi baş verdi. Müharibədən sonrakı illərdə də bu tendensiya davam edirdi. Mən niyə bunları xırdalıqlarına görə xatırlatdım? Çünki bizim ailənin özündə də 1920-ci ildən başlayan bir fəlakət var idi. Mənim ata babamı xalq düşməni kimi  güləlləmişdilər. O, Naxçıvan Muxtar Respublikasının komissarlarından  biri idi. Bir gecədə 9 komissarı həbs edib Bakıya  aparmışdılar. Nargində də güllələmişdilər. O dövrlər üçlük deyilən bir qərar var idi. Üç nəfərin imzası ilə istənilən adamı məhkəməsiz xalq düşməni kimi güllələyirdilər. Babamı da 27 yaşında güllələyiblər. O zaman atam 6 aylıq olub. Altı aylıq Adil Babayev nə atasını görmüşdü, nə də onun çörəyini yemişdi. Amma xalq düşməninin oğlu kimi ağır damğanı 1956-cı ilə qədər daşımışdı. İndiki gənclər bunu o qədər də təsəvvür edə bilməzlər. Bu nə qədər böyük bir dərd idi. O vaxt bu uşaqlar ayrı-seçkiliyə düçar olurdular. Heç dostları da olmurdu. Çünki valideynlər uşaqlarını yaxın qoymurdular. Hətta pionerə, komsomola, böyüyüb boya-başa çatanda Kommunist Partiyasına yaxın belə qoymurdular.

- Qara möhür kimi insanın həyatına vurulurdu...

- Bəli. Ancaq bunun da bir yolu var idi.  Uşaqsansa atandan imtina elə. Qadınsansa ərindən boşanmalısan. Beləliklə, xalq düşməninin adından xilas olaraq bir çox mərhumiyyətlərdən özünü sığortalaya bilərdin. Amma ləyaqət deyilən bir şey də var. Görünür bizim ailədə də gendən gələn bir ləyaqət olduğu üçün mənim altı aylıq atam böyüyəndə nə 6 yaşında, nə 16 yaşında, nə də 26 yaşında atasından imtina barədədi. Uzun illər mərhumiyyətlərlə üzləşdi. Amma 31 yaşı olanda 1956-cı ildə babama tam bəraət verildi. Onun günahsız güllələndiyi rəsmi sənədlər qəbul olundu. Nənəm o vaxt sağ idi. Bəraətdən hardasa 30 il sonra rəhmətə getdi. Ərinə görə ona kəsilən təqaüdü almadı. Dedi ki, mənə  ərimin qan pulu lazım deyil. Bununla  o, ərinə olan sədaqətini göstərdi.

- Çox şərəfli bir keçmişdir...

- Hər zaman o illərdən şərəflə danışıram. Hansı ki, biz tarixdə belə hadisələrin olmasını oxuyuruq. Mənim ailəm isə o hadisələri yaşayıb. Bütün dövrlərdə satqınlıq və düşmənçilik olub. Ancaq ləyaqətli insanlar bu sınaqdan çıxmağı bacarıblar. Yaxşıların varlığına inanmasaq cəmiyyət təmizlənməz, işıqlanmaz. Hər zaman qaranlığa işıq qalib gəlir. Bütün qaranlıqların bir işıqlı sabahı olur. Biz o sabaha inanıb, üz tutub işığa doğru getməliyik. Bax mən belə bir ailədə doğuldum.

- Etibar müəllim, hər insanın həyatında onun taleyini dəyişən, hardasa onun həyat yolunu müəyyənləşdirən insanlar olur. Yəqin ki, bu sizin ailənizdən də yan keçməyib. Çünki  dünya bu mərhəmətli insanlardan xali deyil...

- Elədir ki, var. Təsəvvür edin, atamın 1956-cı ilə qədər olan taleyində də yaxşı insanların böyük rolu olub.

Müəyyən bəlli səbəblərdən nənəm övladlarını götürüb Gürcüstana qardaşının yanına köçüb. Özü məktəbdə müəllimə işləyib. Atamgil də həmin məktəbdə təhsil alıblar. Hələ orta məktəbdə oxuduğu illərdə atam şeirlər yazıb. Gürcüstanda poeziya müsabiqələrinin qalibi də olmuşdu. Şeirləri “Sovet Gürcüstanı” adında qəzetdə mütəmadi dərc olunurdu. Eyni zamanda, Bakıya “Kommunist” qəzetinə də şeirlərini göndərirdi. Həmin mətbuat orqanında da  atamın şeiri dərc olunub.

Daddınsa dünyanın hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrün.

Dünyanın ən böyük səadətini,

Bu poylu çinarın altında gördüm.

Bu çinar Azərbaycanın rəmzidir. Bu şeir bir neçə bənddən ibarətdir. “Kommunist” qəzetində dərc olunduqdan sonra şeiri Səməd Vurğun qəzetdə oxuyur. Həmin zaman Səməd Vurğun səhhəti ilə bağlı xəstəxanada müalicə olunurmuş, lakin gündəlik mətbuatı də izləyirmiş. Bu şeiri “Kommunist” qəzetində oxuyandan sonra qəzetin baş redaktoru, Xalq yazıçısı Əli Vəliyevə zəng edib  ki, B. Adil kimdir? Onu mənim yanıma göndərin. Əli müəllim bildirir ki, bunu Gürcüstanda yaşayan bir həmyerlimiz göndərib. Bir neçə şeirini bəyənib çap etmişik. Bu da onun göndərdiyi şeirlərdən biridir.

Səməd Vurğun bildirir ki, həmin oğlanla görüşmək istəyirəm. Onun bu şeiri çox xoşuma gəldi. İstəyirəm bu şeirə cavab yazam. Sən onu çap edərsən? Əli müəllim də bildirir ki, çap edərəm. Bir həftə keçmiş Səməd Vurğun “Kommunist” qəzetinə “Mənim arzum” adında bir şeir göndərir. Həmin şeir də çap olunur. Səməd Vurğun bu şeirlə B.Adilin şeirinə cavab verir:

“Şair, nə incədir rübabın sənin,

Uçurdu qəlbimi çaldığın bu saz.

Vətən torpağında bitən  gülşənin,

Yarpağı saralıb, çiçəyi solmaz.

Bu on üç bənddən ibarət böyük bir şeirdir. Təsəvvür edin. Atam Bakıya gəlir Yazıçılar İttifaqında Səməd Vurğunla görüşür. Səməd Vurğun atama deyir ki, “mən elə bilirdim sən yaşlı, ahıl bir şairsən, cavan oğlansan ki. Bu şeirləri nə zaman yazmısan sən?” Atam  öz tərcümeyi-halını Səməd Vurğuna danışıb. Səməd Vurğun bildirib ki, Stalin yoldaşın bir yaxşı sözü var: “Oğul ataya cavabdeh deyil”. Ona görə keçmişdə nə olubsa olub. Atamın bir neçə şeirini də Səməd Vurğun yanındakı şairlərlə müzakirə edir. Şairlər də şeirləri bəyənirlər. Bir neçə ayın içində atamı SSRİ Yazıçılar İttifaqına üzv qəbul edirlər.  Bundan sonra atam Bakıya köçür. Ömrünün sonuna qədər də elə Bakıda yaşayaraq  müxtəlif vəzifələrdə çalışır. Demək istəyirəm ki, yaxşılar hər zaman olub. Hətta mürəkkəb dövrlərdə də yaxşılıqlarından qalmayıblar. Atasına görə bəraəti 1956-cı ildə almasına baxmayaraq, atamın tərcümeyi-halında qızıl hərflərlə yazılacaq  o sevinci Səməd Vurğun 1945-ci ildə bəxş edib. Ondan sonra bir şair, tərcüməçi, dramaturq, publisist kimi Azərbaycan ədəbiyyatında öz yeri olan bir insan kimi yaşayıb. 1977-ci ildə isə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

- Gənclik illəriniz Sovet hakimiyyəti illərinə təsadüf edib. Ailənizin taleyinə vurulmuş qara möhürdən sizin də payınıza düşdümü?

- Xeyr. Mənim altı yaşım olanda artıq babam bəraət almışdı. Biz o dəhşətli ağırlıqdan qurtulmuşduq. Evdə də demək olar ki, o söhbətlərin aparılmasına atam icazə vermirdi.

- İstərdik, indi də yaradıcılığınıza müraciət edək. Məlum olduğu kimi, bir sıra sahələrdə fəaliyyət göstərmisiniz. Amma fəaliyyətinizdə televiziyanın rolu yaradıcılığınızdan qırmızı xətlə keçir. Əvvəlcə bundan başlayaq və digər fəaliyyət sahələrinə də ardınca göz atarıq...

- Bildirim ki, jurnalistlik fəaliyyətinə ilk olaraq televiziyadan deyil, mətbuatdan başlamışam. İlk imzam da 1967-ci ildə “Kirpi” jurnalında görülüb. Rəşad Nuri Güntəkinin rus dilində olan bir novellasını tərcümə edib “Kirpi” jurnalına təqdim etmişdim. Onu çap etmişdilər. İndi nə var ki,  hamı türk televiziyalarına baxır. İstədiyi kitabı oxuya bilir. O  illərdə Türkiyəyə gediş-gəliş mümkün deyildi. Çox nadir insanlar gedib-gələ bilərdi. Biz hətta türk yazıçılarının əsərlərini rus dilindən tərcümədən oxuyurduq.

Sonra “Azərbaycan gəncləri” qəzeti ilə əməkdaşlıq etmişəm. O zaman həmin qəzetə Cəmil Əlibəyov rəhbərlik edirdi. Mən “Azərbaycan gəncləri” qəzeti üçün kiçik həcmli mədəniyyət xəbərləri yazırdım. Bu mədəniyyət xəbərləri də mənim televiziya və radioya marağımı artırdı. Əvvəlcə radionun “Gənclər” redaksiyasında çalışdım. Müxtəlif verilişlər, reportajlar hazırlayırdım. Sonra isə fəaliyyətimi televiziyada davam etdirdim. Azərbaycan Respublikasının Əməkdar artisti Gülşən Əkbərova ilə  ilk dəfə “Tələbə klubu” verilişini hazırlamışıq. Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdən ilk canlı veriliş idi. Biz onun aparıcısı idik. Həm də bu verilişin ssenarisinin hazırlanmasında bilavasitə iştirak edirdim. Bundan əlavə “7-ci qitə” verilişinin də aparıcısı mən idim. Televiziya fəaliyyətim 1970-ci illərin ortalarından başlayıb.  1969-cu ildə ölkəmizdə böyük dəyişiklik baş verdi. Azərbaycanda birinci dəfə hakimiyyətə gələn Ulu Öndərin gənclər siyasəti bir çox gənclər kimi mənim də məşhurlaşmağımda önəmli rol oynadı. Bu dövrlərdə bütün gənclər pərvazlanmışdı. Gələcəyə daha böyük bir ümidlə baxırdılar.

Ümumiyyətlə,  televiziya yaradıcılığımda  daha əsaslı yer tutdu. Rəhbərlik etdiyim telekanallar da oldu. Xaricdə də fəaliyyət göstərdim. Televiziya fəaliyyətimin jurnalist taleyimdə xüsusi yeri var. Onu da hər zaman yüksək qiymətləndirirəm.

- Çıxışınızda bir neçə məqamı vurğuladınız. Bildiyimizə görə, həyatınızda Ulu Öndərin özünəməxsus yeri var. Ümummilli Liderlə bağlı xoş xatirələrinizi eşitmək istərdik...

- Bilirsiniz, Ulu Öndər həqiqətən o qədər böyük bir insan olub ki, onun fəaliyyəti haqqında danışmaq nəinki bir verilişə, heç bir ömrə də çatmaz.  Nə xoşbəxtəm ki, mən də Ulu Öndərin müasiri  olmuşam və onu şəxsən tanımaq şərəfi mənə qismət olub. Ulu Öndərlə bağlı çoxlu xatirələrim var. Çəkdiyim sənədli filmlərlə əlaqədar  dəfələrlə görüşmüşük. Ulu Öndərin  xalqımız qarşısında xidmətləri əvəzsizdir. Bilirsiniz, bəzən tarixdə elə məqamlar var ki, o hadisədən uzaqlaşdıqca onun gerçək dəyəri sənə yaxınlaşır, daha dolğun hiss edirsən. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, illər keçdikcə insanlar daha aydın dərk etməyə başlayırlar. Anlayırlar ki,  Heydər Əliyev Azərbaycan xalqı üçün, dövləti üçün nə qədər böyük işlər görüb.

- Çoxşaxəli fəaliyyətinizdə xarici ölkələrdə çalışmaq mühüm yerlərdən birini tutub. Ən çox hansı ölkədə fəaliyyət göstərmisiniz?

- Bir çox ölkələrdə yaşamışam və eyni zamanda, o  ölkələrdən verilişlər hazırlamışam. Fransadan, İngiltərədən, İspaniyadan, Amerikadan, Vyetnamdan, Afrikadan hazırladığım verilişlər Azərbaycan Televiziyasında yayımlanıb. Daha çox mənim xaricdə fəaliyyətim Türkiyə ilə bağlı olub. Bu da tamamilə təbiidir. Xüsusilə, Azərbaycan müstəqilliyini qazanandan sonra bizə bir qardaş dövlət olduğu üçün Türkiyə ilə əməkdaşlığa çox meyilli idim. Buna görə də silsilə verilişlər hazırladım. Həm Azərbaycan üçün Türkiyədən, həm də Türkiyə üçün Azərbaycandan. Amma mənim xarici ölkələrdən hazırladığım verilişlər qeyd etdiyim kimi çoxdur. Bu verilişlərin mənim jurnalist taleyimdə xüsusi yeri  və əhəmiyyəti var.

Davamı növbəti sayda

Şəmsiyyə Əliqızı, “İki sahil”