KÖŞƏ

Qvami Məhəbbətoğlu

Antimilli ünsürlərin “vətən sevgisi”...

11 yanvar 2019 10:38
5364

Antimilli ünsürlər ölkəmizin inkişafına kölgə salmaq məqsədilə dəridən-qabıqdan çıxırlar. Amma onların bütün cəhdləri heç bir nəticə vermir, verməyəcək də. Artıq bu milli dönüklərin sosial şəbəkələrdəki “dayaqları” da çökür. Belə ki, onları izləyənlərin sayı gündən-günə azalır. Çünki həmin “dayaqlar” yaxşı anlayırlar ki, sosial şəbəkələrin vitrinlərindəki  bu fiqurların - manekenlərin davası yorğan davasından başqa bir şey deyil. Yəni belə simasızların hər bir addımı xarici havadarlarının, o cümlədən erməni diasporunun maraqlarına, pul kisələrinə hesablanıb. Həmin havadarlar da özlərinin maraqlarına əsasən, onları oynadırlar. Məsələn, “demokratiya, Vətən, xalq sevgisi” adı ilə pərdələnən bu naxələflər ata-babalarının qəbirlərini ziyarət edərkən ermənilər tərəfindən əsir götürülmüş və hazırda həbsdə saxlanılan, səhhətlərində problemlər yaranan Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində heç söz açmırlar, yaxud da bununla bağlı dünyanın nüfuzlu beynəlxalq qurumlarının qapılarını döymürlər, kütləvi informasiya vasitələrində yazılar dərc etdirmirlər. Nədən? Çünki onlar, daha doğrusu, bu kimi problemlər həmin havadarların maraq dairəsinə daxil deyil. Bu isə onların, həm də ölkəmiz əleyhinə əxlaqsızcasına təbliğat aparan “sapı özümüzdən olan baltalar”ın Ermənistanın milli maraqlarını qoruduqlarının daha bir bariz nümunəsidir.

Halbuki müxtəlif xarici ölkələrdə məskunlaşmış antimilli ünsürlər öz havadarlarının işarəsi ilə fəaliyyətinə, siyasi əqidəsinə görə deyil, törətdiyi cinayət əməllərinə görə həbs olunan Mehman Hüseynovun səhhətinin son günlər “kritik durumda olmasını” “əsas” gətirərək öz adətlərinə uyğun şəkildə tozanaq qopartmağa cəhd etdilər. Lakin bu dəfə də xəyanətkarların qarışqadan fil düzəltmək istəkləri iflasa uğradı. Nəticədə onlar növbəti dəfə ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar.

Son vaxtlar isə antimilli ünsürlər havadarları tərəfindən ələ alınmış ölkələrin bəzi rəsmiləri ilə dil tapmağa çalışırlar ki, onların da açıqlamaları yalnız gülüş doğurur. Məsələn, bu günlərdə, daha dəqiq desək, yanvarın 8-də Fransanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Parisdə keçirdiyi brifinqdə “hüquq müdafiəçisinin”, yəni Mehman Hüseynovun ətrafında yaranmış vəziyyətdən “narahat” olduğunu bildirib. Bu yerdə deyiblər: öz gözündəki tiri görmür, özgə gözündə tük axtarır. Halbuki artıq iki aya yaxındır ki, bu ölkədə “sarı jiletlilər”in hökumətin yanacağın qiymətlərini, həmçinin vergiləri qaldırmasına, eləcə də yaşanan bahalaşmaya etiraz əlaməti olaraq keçirdikləri küçə yürüşlərində yüzlərlə insan saxlanılıb, həbs olunub, onlara qarşı fiziki güc tətbiq edilib, hətta ölənlər də var. Amma dünyanın “hüquq müdafiəçiləri” həmin ölkədə baş verənlərə reaksiya vermirlər, sadəcə, susmaqdadırlar. Susmaq bir yana dursun, üstəlik, bu ölkəni hələ də demokratiyanın beşiyi kimi təqdim etməkdədirlər. Bu isə o deməkdir ki, artıq Avropa bu kimi ünsürlərin sayəsində baş vermiş hadisələrə obyektivlik prizmasından deyil, ikili standartlardan, şəxsi maraqları çərçivəsindən baxır.

Bu cür faktlar bir daha sübut edir ki, havadarların və onların əlaltılarının məqsədi yalnız və yalnız adını inkişaf etmiş ölkələrin sırasına yazdırmış Azərbaycanın uğurlarına kölgə salmaq, onun imicinə xələl gətirmək, bununla da beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaqdır. Amma bu da bir həqiqətdir ki, bu kimi kampaniyalara rəğmən, dünyada ölkəmizin imici getdikcə möhkəmlənir. Elə bu faktın özü dünya ölkələrinin Azərbaycanın yürütdüyü uğurlu siyasəti dəstəkləməsindən xəbər verir. Bu yerdə adam antimilli ünsürlərə - Həbib Müntəzirə, Orduxan Teymurxana, Tural Sadıqlıya, Məhəmməd Mirzəliyə, o cümlədən AXCP sədri Əli Kərimliyə, “Milli Şura”nın rəhbəri Cəmil Həsənliyə, eləcə də Rüstəm İbrahimbəyova və digərlərinə üzünü tutub demək istəyir: sizlər heç vaxt öz çirkin məqsədlərinizə nail ola bilməyəcəksiniz...