12 sentyabr 2019 11:31
1123

Astarada sağlamlıq aksiyası

Astara rayonunda əhalinin sağlamlığının qayğısına qalmaq, insanlara  göstərilən  tibbi xidmətin  keyfiyyətini  yüksəltmək  prioritet vəzifələrdən sayılır. Tibb ocaqlarının  fəaliyyətindən əlavə bu  istiqamətdə rayonda vaxtaşıri müxtəlif sağlamlıq tədbirləri də görülür.  Nəticədə  istənilən xəstəlik  vaxtında aşkarlanır, onun düzgün müalicəsi tapılır. Bu günlərdə Astara Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi xəstəxanasınin  təşkilatçılığı ilə  keçirilən humanitar  aksiya da  belə bir məqsədə xidmət edirdi.

Aksiya zamanı hər  cür müasir  tibbi  avadanlıqlara  malik olan  rayon Mərkəzi  xəstəxanasında Bakı şəhərindəki Neyrocərrahiyyə  xəstəxanasından gəlmiş həkim,  tibb üzrə fəlsəfə doktoru  Rafael Bayramov 70-ə yaxın rayon sakininin müayinəsini apardı. Yüngül  xəstəliyi olanlar  həkimin  diaqnozuna  əsasən rayon xəstəxanasında müalicə aldılar. Xəstəliyi  daha ağır olanların isə Bakı şəhərindəki  ixtisaslı  klinikalara göndərilməsi məsləhət bilindi.

Rayonun Siyəkü kənd sakini, 1943-cü il təvəllüdlü, 12 uşaq  anası  Saray Əhmədova yataq xəstəsidir. Aksiya iştirakçıları   Saray anaya baş çəkdilər, həkim Rafael Bayramov  onu   müayinədən  keçirtdi və sonrakı  müalicəsi  nəzarətdə  saxlanıldı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü