03 dekabr 2020 16:31
735

Avropa noyabrda LNG idxalını 39 % azaldıb

Noyabrda Avropa terminallarına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü 2019-cu ilin noyabr ayına nisbətən 39 % az olub.

"İki sahil“ report-a istinadən xəbər verir ki, bu barədə “Neftegaz.ru” portalı “Gas Infrastructure Europe” informasiya platformasının məlumatlarına istinadən yazıb.

2020-ci ilin noyabr ayında Avropaya LNG tədarükü 6,704 milyard kubmetr təşkil edib. Bu, oktyabr ayı (5,97 milyard kubmetr) ilə müqayisədə 12 %-lik artım deməkdir.

İllik ifadədə LNG idxalı 2020-ci ilin noyabr ayında yenidən qazlaşdırma LNG terminallarına sahib olan bütün Avropa ölkələrində azalıb. Bu, “Qazprom”un qazından xilas olmaq uğrunda qızğın mübarizə aparan Aİ ölkələrində də hiss olunub. Litva LNG alışını 34 %, Polşa isə 3,6 % azaldıb.

ABŞ LNG-sinə gəlincə, noyabrda ölkə Avropa qitəsinin şimal-qərbinə 5 tanker – Hollandiya və Belçikanın hər birinə iki, Fransaya isə bir tanker qaz çatdırıb. Oktyabr ayında belə tankerlərin sayı 4 olub.

Böyük Britaniyaya isə noyabrda ABŞ-dan böyük tanker karvanı - 10 gəmi gəlib. Daha əvvəl belə həcmdə çatdırılma olmayıb.

Əvvəllər Britaniyaya LNG tədarükündə, demək olar, inhisarçı olan Qətərə gəlincə, əmirlik praktiki olaraq Şimal-Qərbi Avropa və Britaniya bazarlarını tərk edib. Noyabrda bu seqmentlər hərəyə cəmi bir Qətər tankeri qəbul edib.