KÖŞƏ

Sevinc Mürvətqızı

Ayrılıq sevdaya daxil...

03 aprel 2019 11:11
3295

Öz dadında möhtəşəm türk poeziyası - Attila İlhan

Ustad türk şairi Attila İlhan şeirləri ilə tanış olmazdan öncə yaddaşıma mehlə yarışan dağınıq saçları, istehzalı təbəssümlə qotazlanan kip sıxılmış dodaqları və qıyqacı baxışları ilə unudulmaz bir portret kimi qazınmışdı. Fotodakı baxışları da dillər əzbəri olan unudulmaz şeirləri qədər diri və danışqan, qığılcımlanan gözləri “Ben sana mecburum, bilemezsin” məhkumiyyəti ilə “kimi sevsem, sensin” etirafının birgələşmiş cütü idi. Fotolar hərdən dil aça bilir...

Bəzən “şair bir şeirin şairidir” deyirlər. Attila İlhan isə bir şeirin deyil, onlarla unudulmaz şeirin və misranın şairidir. Şairlərin avtobioqrafiyaları - doğuluşları, eşqləri və ölümləri yazdıqlarındadır. Onları sadəcə oxumaq yox, yaşamaq gərəkdir...

Çoxyönlü yaradıcılığı və bədiiliyin ən yüksək səviyyədə təcəssüm tapdığı siyasi lirikası ilə də Attila İlhan böyük bir sevgi şairi, insan sərrafı  idi. Bunu anlamaq üçün 25 yaşında edam edilən solçu Dəniz Gəzmiş və yoldaşları üçün yazdığı  şeirə göz atmaq  yetərlidir:

bir yangın ormanından püskürmüş

                                genç fidanlardı,

güneşten ışık yontarlardı, sert adamlardı...

hoyrattı gülüşleri, aydınlığı çalkalardı,

gittiler, akşam olmadan ortalık karardı...

Yəqin ki, xatirəsi illər keçsə də unudulmayan, haqsızlığa hayqıran asi dənizgəzmişlərə bundan daha qəmli və qürurlu ağı tapmaq çətin olardı. Həm də “Mahur bəstə” üstündə...

Ardınca isə “Ağustos çıkmazı” adında və yalvarış dadında avqust çıxılmazlıqları gəlirdi:

kendini martılarla bir tutma

senin kanatların yok,

düşersin, yorulursun

beni koyup gitme, nolursun...

Sevda tərəzisində hətta “səni sevirəm” ifadəsini də ağır basan, bütün sevdaların ən uc nöqtəsi olan  “sen benim hiçbir şeyimsin” hikkəsi də var o yalvarışların içində...

Bir də o sırada “Aysel, git başımdan” əmriylə ifadə edilən dopdolu bir sevgi etirafı gözə dəyir. Öz qaranlığının kölgəsində sevdiyini kirlətmək qorxusuyla yüklənən bir rəddetmənin ta özüydü Attila İlhan sevdası:

benim yağmurumda gezinemezsin,

                                         üşürsün..

dağıtır gecelerim sarışınlığını.

uykularımı uyusan nasıl korkarsın,

hiçbir dakikamı yaşayamazsın.

Aysel, git başımdan,

                   ben sana göre değilim,

benim için kirletme aydınlığını...

Attilla İlhan sevginin ən gözlənilməz ədəbi fikir qəliblərində ifadəsinin ustasıdır. Bəlkə də bundandır ki, sevəndə də, ayrılanda da yazdıqları eyni cür doğmadır.

gelmezsen fark etmez, kimseyi aramam

asıl sevdiklerim en içimdekilerdir,

onlarla yaşarım eğer yaşarsam...

Bu şeiriyyət sultanlığında isə ölmək yasaqlanıb. Bütün bu kimi gözəl misralarıyla Attila İlhan ədəbiyyatda öz zirvəsini tutan sənətkardır. Ancaq bütün bu bədii gözəlliklərlə yanaşı, şair, məşhur olduğu qədər də hüznlü “Ayrılık sevdaya dahil”in Attila İlhanıdır. Bu şeirlə ustad sənətkar ədəbiyyatın əbədiyyətinə öz möhürünü vurub.

gizli bir yılan gibi yuvalanmış

içimde keder

uzak bir telefonda ağlayan

                                         yağmurlu genç kadın -

misralarının yaratdığı ədəbi tablonu mifologiyaya da yozmaq olar, adi məişət rutininə də. İçində ilan kimi yuvalanan kədərin uzaq bir telefonda ağlayan qadınla assosiasiyası niyə mənə Həvvanı yoldan çıxarıb günaha sürükləyən ilanı xatırladır? Bəlkə uzaq telefondakı islaq səsli, ruhu yağmurlu gənc qadının ağlamasıdır şairi ovudulmaz kədəri ilə birgə öz içinə yuvarlandıran? Attila İlhan məhz bu izaholunmazlığı ilə unudulmazdır. 

Ardından isə ayrılıq acısının elə qəzəbli özünüifadəsi gəlir ki, ədəbi qəhrəmanın yaşantılarını iliklərimizəcən hiss edirik: 

mor kıvılcımlar geçiyor

dağınık yalnızlığımdan

onu çok arıyorum, onu çok arıyorum

heryerinde vücudumun

ağır yanık sızıları,

bir yerlere yıldırım düşüyorum

ayrılığımızı hissettiğim an

demirler eriyor hırsımdan...

Qəzəb keçdikdən sonra isə kədər dolu  mütləq həqiqət gəlir. Artıq atılıb- düşməyin mənası yoxdur, taleyinlə barışıb ayrıldığına və ayrılığına qarışırsan...

çünkü ayrılmanın da vahşi bir tadı var

öyle vahşi bir tad ki, dayanılır gibi değil...

çünkü ayrılık da sevdaya dahil,

çünkü ayrılanlar hala sevgili...

hiç bir anı tek başına yaşayamazlar

her an ötekisiyle birlikte,

herşey onunla ilgili...

Bütün ayrılıqların hissetdirdiyi ilk aldadıcı təəssürat qurtulmuşluq, rahatlıq və azadlıq hissidir. Bir az zaman keçib yalnızlığın əlində daha çox əsir olduğumuzu anladıqda isə:

özgürlüğümüz yoksa yalnızlığımızmıdır

yalnızlık

çakmak taşı gibi sert,

elmas gibi keskin,

ne yanına dönsen bir yerin kesilir,

fena kan kaybedersin.

...tek başına özgürlük ne işe yarayacak?

Lakin şair bu “azadlıq yarası”nı sarımağın yolunu da tapıb: 

özgürlük mutlaka paylaşılacak

suç ortağı bir sevgiliyle...

sanmıştık ki, ikimiz

yeryüzünde ancak

birbirimiz için varız...

ikimiz sanmıştık ki,

tek kişilik bir yalnızlığa bile

rahatça sığarız,

hiç yanılmamışız...

O günah  ortağı ilə birnəfərlik tənhalığa rahatca sığmağın isə bircə adı var: Ayrılıq.  Ürəyi göynədib ruhun cızdağını çıxaran ayrılığın bu qədər gözəl ədəbi tərifi isə nadir tapıntı kimidir. Amma bir təsəlli həmişə var: “Ayrılık da sevdaya dahil...”