KÖŞƏ

Sevinc Mürvətqızı

Gözdən işıq qapanlar...

23 may 2019 10:29
5408

Hamımız  ağlımız kəsəndən bir-birimizdən nələrsə oğurlaya-oğurlaya yaşayırıq. Biz hamımız “oğruyuq” -  cürbəcür növdə oğrular - qanuni, mənəvi, ruhani, fiziki oğrular...

Çiynini çəkib  “mən deyiləm” dediyini eşidər kimi oldum.  Sən də oğrusan. Məsələ heç də onda deyil ki, ya uşaq vaxtı yoldaşının kiçik bir oyuncağını xəlvətcə cibinə qoyub yavaşca sivişəsən, yaxud  dolaşdığın alış-veriş mərkəzində nəyisə çırpışdırasan, ya da gənc vaxtı yolun kənarında bəyəndiyin bir avtomaşına oturub aradan çıxasan...

Bəlkə bunların heç birini etmədin. Amma heç ümid oğurladığın da olmadımı? İndiyə qədər kiminsə sənin adına “toxuduğu” inamdan heç bircə sap da çəkib çıxarmadınmı? Sonra heç xəbərin də olmadı ki, o böyüklükdə, o səliqədə inam məhz o bir  ipi dartıb çıxardığın yerdən ilmələnib süzülüb getdi, ortada da qarışıq-dolaşıq alabəzək yumaqdan başqa ələgələsi, ağlagələsi heç nə qalmadı...

Kiminsə xəzinə vaxtından heç olmasa dəqiqələr də olsa, icazəsiz oğurlamadınmı? Həyatın boyu bircə dəfə də olsun alıb götürmədinmi kiminsə ürəyini? Sonra isə peşman olub o ürəyi aldığın yerə geri qoymaq istəyəndə, köksünün sol tərəfi qazılıb ölüsünü gözləyən təzə məzar kimi açıq olan o vücudu tapa bilmədin əvvəlki yerində. Sən geri qayıdana qədər kimsə o köksüboş vücudun özünü oğurlayıb aparmışdı. Həmin “oğru”  o boşluğa  öz ürəyini çıxarıb qoyacaqdı bəlkə, kim bilir? Ya da o bixəbərə eləcə bədən lazımmış, torpaqlayıb dolduracaqdı o boşluğu, sonra da üstünə çıxıb möhkəm-möhkəm tapdalayacaqdı ki, qabarıq iz qalmasın. Belədir, kimə nə lazımdırsa, onu oğurlayır...

Ən gülməlisi də odur ki, vicdanımızı susdurmaq üçün, saysız oğurluqlarımızın içində daha  rahat yaşamaq üçün qəşəngcə bir “bəraət” uydurmuşuq:  Oğrudan oğruya halaldır... Amma deyil. Bütün oğurluqlarımız  haramdır və bumeranq kimidir. Bir gün ən gözləmədiyimiz anda ən həssas yerimizdən dəyəcək.

...Həyatım boyu ən çox qorxduğum “oğrular” -  “gözdən işıq qapanlar” olub. Əlbəttə, bu, zahirən Prometeyin odu qaçırması bəzəyi verilmiş bir müqəddəs iş kimi həyata keçirilir başlanğıcda. Bəlkə bir gözün işığı o qədər də dəyərli deyil nəzərinizdə. Amma bilirik  axı, hərənin işığı özünə əzizdir, axı o gözün işığı bu gözə  düşmür... Bilirsənmi, gözdən işıq oğurlamaq necə olur? Bu,  xoşbəxtlikdən cıvıl-cıvıl olduğun zaman, gözlərin səadət parıltısından alov-alov yanarkən biri(ləri)nin peyda olub baxışlarındakı o işığa yerikləməsidir... Sən o işığı təmənnasız ətrafına səpələrkən və hər səpələnişdən sonra o işıq daha da artarkən bununla yetinməyənlər o işığı məhz son parıltısınacan gözlərindən sümürüb özününküləşdirmək arzusuyla yanıb tutuşarlar.  Bununla da ruhlarını zülmətdən qurtaracaqlarını sanarlar o oğurluq işıqla... Bax beləcə, “gözümün işığı” dediklərin gözünün içinə baxa-baxa o işığı gözünün içindən elə çəkib çıxararlar ki, ondan sonra bomboz və bomboş bəbəklərinlə zillənirsən işıq ili uzaqlıqda sayrışan işıqlara...

Bu oğurluq heç də təsadüfi, ya da istəməyərəkdən baş verməz: Bunun üçün dörd bir tərəfində hərlənib-fırlanarlar, atılıb-düşərlər, əlli dona girib yüz hoqqa çıxararlar, min sifət dəyişib o işığı sənin gözünün içindən çəkib çıxarmayınca rahatlana bilməzlər, gözümün işığı. Gözün işığı kiçik məsələ deyil ki. Bilirsiniz , xatırladım yenə də - xoşbəxtliyin göstəricisi gözün içinin işıq saçmasıdır.  Bəbəkləri parıldamayan biri ha desin ki, bəxtəvərəm, kim inanar? Ruhun və vücudun birgə xoşbəxtliyindən sonra gözlərdə işıq yaranır. Bunsuz mümkün deyil. Nə zamandır sönülü monitora bənzəyən baxışlarım səni gəzir, gözümün işığı. İndiyədək oğurlanan ümidlərimi, xəyallarımı, inamımı, zamanımı, sevgimi, gəncliyimi, cəhdlərimi, yanlışlarımı, doğrularımı - hamısını, hamısını halal edirəm “oğrulara”, bircə gözümün işığından başqa. O mənim içimin də, çölümün də yeganə bəzəyi, olan-qalan varidatım idi. Bəlkə də heç kim oğurlamadı  o işığı,  sadəcə,  gedəndə “israfçılıq” olmasın deyə, ürəyimin və gözümün işığını söndürüb getdilər? Ancaq hər nə səbəbdənsə, məsələ bu ki, zil qaranlığın ortasındayam indi. İndi zil qaranlıqda əlimi divarlara sürtə-sürtə işığı yandırmaq üçün o naməlum, bəlkə də o qaranlıqda heç mövcud olmayan düyməni axtarıram...

Oğurlamağı bacarmadınızsa, gedəndə heç kimin ürəyinin və gözünün  işığını söndürməyin. İnsan hər yaşda zülmətdən ürpənir...