01 oktyabr 2020 18:36
898

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev hərbçilərin sosial problemlərinin həllinə daim diqqət yetirir. Bu da səbəbsiz deyil. Çünki hərbçilərimiz Vətənimizin müdafiəsi işində əvəzsiz xidmət göstərir, böyük əziyyətlərə qatlaşırlar. Bu yolda canlarından keçməyi də bacarırlar. Təsadüfi deyil ki, ölkəmiz Ermənistanın təcavüzü nəticəsində minlərlə şəhid verib. Azərbaycan dövləti isə həmişə belə qəhrəman oğullarımızın fədakarlığını yüksək qiymətləndirir. Onların sosial məsələlərinin davamlı həlli bir daha sübut edir ki, Vətənin müdafiəsində mətanətlə dayanan hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir.

Dövlət başçısı İlham Əliyev hər zaman  hər bir azərbaycanlının yanında olub, onların problemi ilə maraqlanıb, rifahı və firavanlığının qeydinə qalıb, xüsusən həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının, pensiyaçıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar imzalayıb. Bu kateqoriyadan olanların istər mənzil-məişət, istər sağlamlıq, təhsil, istərsə də işlə təminatı ilə bağlı bütün problemləri Prezidentin diqqətindədir və dövlət başçımız onlara xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılıb.

Dövlət başçısı hərbçilərlə görüş zamanı Azərbaycanın  şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıldığını bildirib: “Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir. Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz də əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmələri də bunun daha bir nümayişi oldu. Dövlətimiz tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib.  İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır.  Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. 

Bu il iyulun 20-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir. Həmin rəsmi sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi nəzərdə tutulur. Tovuz təxribatının qarşısının alınması zamanı şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də diqqət və qayğının daha bir nümunəsi idi. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Biz 2016-cı ildə də analoji yanaşmanı müşahidə etmişdik. Ermənistanın hərbi təxribatları zamanı zərər yetirilmiş yaşayış məntəqələrində bərpa işləri görülüb, mülki əhalinin problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılıb. Bütün bu faktlar öz növbəsində Azərbaycan dövlətinin vətəndaşların təhlükəsizliyinin təmin olunmasını, rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxladığını əyani surətdə nümayiş etdirir.

Xatırladaq ki,  2019-cu ildə məcburi köçkünlər üçün 5 minə yaxın ev və mənzillər tikilib. Bu il isə 8 minə qədər məcburi köçkün ailəsinin yeni yaşayış yerləri ilə təmin edilməsi nəzərdə tutulur. Bu isə bir il ərzində Bakı və Sumqayıt şəhərlərində, eləcə də digər şəhərlərdə təqribən 40 minə yaxın insanın yeni evlərə köçürülməsi demək olacaq. İstifadəyə verilmiş “Qobu Park-3” yaşayış kompleksinin ərazisində həm də “Xarı bülbül” xalçaçılıq və naxış ema­latxanası da yaradılıb. Layihəyə il ərzində “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Bütün bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, yaşa­yış şəraitinin yaxşılaşdırılmasına və onların iş yerləri ilə təmin edilməsinə xidmət edir.

Son illərin təcrübəsi onu deməyə əsas verir ki,  düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. Prezident İlham Əliyev də hər zaman sosial sahəyə diqqətin artırılmasını, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, rifahının yüksəldilməsinə imkan verən sosial layihələrin icrasını önə çəkir. Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan sosial müdafiə tədbirləri “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutu oldu.

Yaqut Ağaşahqızı, “İki sahil”