23 may 2019 16:50
741

Azərbaycanın işgüzar turizm imkanları Almaniyada təbliğ olunur 

Azərbaycanın işgüzar turizm imkanları 21-23 may tarixlərində Almaniyada keçirilən, işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IMEX Frankfurt” sərgisində tanıdılır.

Beynəlxalq sərgidə ölkəmizin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaq üçün Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Buta Airways”, Bakı Konqres Mərkəzi, "PAŞA Travel/Konqres" şirkətləri ilə yanaşı, “Absheron Hotel Group”, “JW Marriott Absheron Baku” hotelləri də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi və Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansının formalaşdırılması istiqamətində aktiv iş aparılır.

2002-ci ildən başlayaraq hər il keçirilən “IMEX Frankfurt” sərgisi Almaniyanın görüşlər, konfranslar, tədbirlər və işgüzar səyahətlər sahəsində ən mühüm ticarət sərgisi sayılır. Ötən il 10 minə yaxın ziyarətçi qəbul edən sərgidə bu il dünyanın 150-dən çox ölkənin nümayəndələri təmsil olunurlar.

Orxan Vahidoğlu, “İki sahil”