23 avqust 2019 10:45
856

Bakı şəhəri üzrə 7 ayın göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar-iyul  aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi  23,2 milyard manat təşkil edib. Sənaye məhsulunun 80,9 faizi mədənçıxarma, 17,1 faizi  emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9 faiz təşkil  edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-i tarixinə 233,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 60,5 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Hesabat dövründə, bundan başqa paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,2 faizini cari təmir, 22,4 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 83,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Cari ilin yanvar-iyul aylarında, eyni zamanda, ticarət dövriyyəsinin həcmi  2018-ci  ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11 milyard 533,2 milyon  manat  olub. Ticarət  şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5 milyard 267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz  artaraq 6 milyard 265,5 milyon manata bərabər olub. İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

Bu ilin 7 ayında, həmçinin iaşə dövriyyəsi  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz  artaraq 571,3 milyon manat olub. Dövriyyənin 45 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi  şəxs  statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyul aylarına nisbətən 1,7 faiz azalaraq 257,1 milyon manat təşkil edib. 

2019-cu ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artaraq 2 milyard 930,6 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 319,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 79,2 faizini təşkil edib.

Bu ilin birinci yarısının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8  manat olub.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Bakı Şəhər Statistika İdarəsi